​Gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin Avropa səhnəsində növbəti möhtəşəm uğuru

​Gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin Avropa səhnəsində növbəti möhtəşəm uğuru
22:34 17.06.2025
A- A+

13 iyun 2025-ci il tarixində Avstriyanın Linz şəhərində baş tutan möhtəşəm konsert, istedadlı Azərbaycan gəncinin növbəti uğura imza atması ilə nəticələnib. Beləki, Avstriyanın Anton Brukner Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, gənc və istedadlı azərbaycanlı pianoçu Ayan Məmmədlinin Yuxarı Avstriyanın mədəniyyət mərkəzlərindən biri olan “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (Palais Kaufmannischeir Vennier) “Bechşteyn” Piano Mərkəzinin təşkilatçılığı ilə keçirilən solo konserti növbəti dəfə Avropa auditoriyasını heyran edib.
“Sonata” adlı bu solo proqramda Ayan Məmmədli dünya musiqi tarixinin üç nəhəng bəstəkarı – Aleksandr Skryabin, Ludviq van Bethoven və Yozef Haydnın sonatalarını böyük ustalıq və dərin musiqi təfəkkürü ilə ifa etmişdir. Konsertin əsas ideyası — eyni musiqi forması olan sonatanın müxtəlif bəstəkarların əsərlərində necə fərqli yanaşmalar və estetik qavrayışlar qazandığını tamaşaçılara təqdim etmək idi.
Ayan yalnız pianoçu kimi deyil, həm də düşüncəli musiqişünas və səhnədə özünü ifadə etməyi bacaran savadlı bir sənətçi kimi çıxış edib. O, proqram boyunca alman dilində etdiyi təqdimatlarda dinləyicilərə əsərlərin musiqi məzmunu və dramaturgiyası barədə məlumat verib ki, bu da konsertin intellektual səviyyəsini daha da yüksəldib. Onun çıxışları zalda əyləşmiş dinləyicilər tərəfindən alqışlarla qarşılanıb və konsert sonunda uzun sürən təqdir sədaları ilə müşayiət olunub.
Avstriyanın tanınmış sənət adamları, musiqi tənqidçiləri və konservatoriyanın müəllim heyəti gənc azərbaycanlı musiqiçinin çıxışını yüksək qiymətləndirərək, onu böyük gələcək vəd edən pianoçu kimi xarakterizə ediblər. Bu uğur təkcə Ayan Məmmədlinin şəxsi nailiyyəti deyil, həm də xalqımızın mədəniyyətə verdiyi önəmin və gənc nəslin potensialının parlaq göstəricisidir.
Ayan Məmmədlinin Avropa səhnələrində qazandığı bu növbəti uğur, tək onun deyil, həm də Azərbaycan gəncliyinin böyük təntənəsidir!