“Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır. Kremlin son zamanlar bu məsələyə daha çox fokuslanmasında bir digər səbəb də şübhəsiz rəsmi Ankaranın İsrail və ərəb ölkələri ilə buzları əritmə, münasibətləri normallaşdırma səylərindən irəli gəlir”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza politoloq Turan Rzayev deyib. O bildirib ki, Rusiya da Əsəd ilə Türkiyə arasında münasibətlərin normallaşmasına çalışır. Putin tərəflərə müzakirələr aparmaq üçün görüş təklifi belə edib:
“Məsələyə Türkiyə tərəfinin yanaşması “hələlik” müsbət olmasa da əvvəlki illərə nəzərən sərt və birmənalı da deyil. Misal üçün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iki ölkə başçısının görüşünə dair sualları cavablandırarkən deyib ki, “hazırda belə bir görüşdən söhbət belə gedə bilməz”. Bununla belə Çavuşoğlu qeyd edib ki, “iki ölkənin xüsusi xidmət orqanları vasitəsilə danışıqlar başlanılıb”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ritorikasında Suriya ilə bağlı yumşalma hiss olunur. Belə ki o, son açıqlamaların birində açıqca qeyd etdi ki, "Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur”. Halbuki Ərdoğana bir neçə il öncə istər Əsədlə, istərsə də ölkəsinin Suriya ilə bağlı mövqeyində kifayət qədər sərt və təhdidkar ritorikaya üstünlük verirdi”.

Turan Rzayev qeyd edib ki, münasibətlərin normallaşmasında rəsmi Ankara üzdə istəksiz görünsə də əslində bunda maraqlıdır:
“Bunu Türkiyə də başa düşür və dəyişən şərtlər ilə ayaqlaşmağa çalışır. Digər bir faktor isə Türkiyədə qarşıdan gələn 2023-cü il prezident seçkiləridir. Türkiyə prezidenti daxildə eloktoratlarını itirdiyinin fərqindədir. Məhz buna görə seçki öncəsi ölkələr ilə gərginlikləri minimuma endirib münasibətləri normallaşdırmağa üstünlük verir. İsrail, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir ilə münasibətlərin normallaşması, Ermənistan ilə sərhədlərin açılması, Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyası və s. buna misal ola bilər. Bütün bunların fonunda rəsmi Ankaranın Suriya ilə də münasibətləri normallaşdırması mümkündür”.
Günay İbrahimova / Nezarettv.Az
