​"Qəlbimdə gəzdirdiyim nisgilin bitməsinin sevincini yaşayıram" - Deputat

​
11:45 08.11.2022
319 Ölkə
A- A+

“Zəfər bayramı Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik bayramdır. Çünki bu bayram 30 il işğal altında olmuş torpaqların azad edilməsi bizə böyük bir xoşbəxtliyi bəxş edib. Son 200 ildə itirilmiş torpaqlarımızın ilk dəfə geri qaytarıldığı böyük bir qələbə ilə ermənilərin özləri haqqında yaratdığı miflər darmadağın edildi”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri 8 noyabr Zəfər Günü ilə bağlı saytımızla təəssüratlarını bölüşən deputat Arzu Nağıyev bildirib:

“Zəfər bayramı Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin, eyni zamanda rəşadətli Azərbaycan ordusunun və şəhadəti şərəf sayan Azərbaycan anasının vəhdətini təşkil edən bir bayramdır. Bu gün Azərbaycan xalqının bayramı olmaqla bərabər bütün dünyada yaşayan azərbaycanlılar üçün də mühüm günlərdən biridir. Bu gün hər yerdə Azərbaycanın bayrağı dalğalanır.

Bu bayram 30 il vətən nisgili ilə yaşayan I Qarabağ müharibəsi iştirakçılarının bayramıdır. Bu qələbə nəticəsində şəhidlərimizin ruhu sakitlik tapdı. Biz istər hərbi, istərsə də strateji baxımdan mühüm olan 44 günlük müharibədə kimin dost, kimin düşmən olduğunun bir daha şahidi olduq. Bu bayram Azərbaycan xalqını birləşdirərək, daha da gücləndirərək gələcək qələbələrə aparacaq”.

I Qarabağ müharibəsi iştirakçısı olan deputat, bu günün onun üçün də əvəzolunmaz əhəmiyyəti olduğunu qeyd edib:

“Düşünürəm ki, istər Şuşada, istər digər işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağı dalğalandıqca biz doğurdan da çox müqəddəs günlər yaşadığımıza əmin oluruq. Bayram münasibətilə mən də Azərbaycan xalqını təbrik edirəm. Bu gün mənim üçün də xüsusi əhəmiyyəti olan bayram günüdür. Çünki mən I Qarabağ müharibəsi iştirakçısı kimi qəlbimdə gəzdirdiyim nisgilin bitməsinin sevincini yaşayıram. Eşq olsun, Ali Baş Komandana! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”

Fidan Ali / Nezarettv.Az