“Dünən Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşkilatçılığı ilə görüş keçiriblər. Görüşdə Azərbaycan və Ermənistanın XİN rəhbərləri iki dövlət arasındakı mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıblar. Belə ki, hər iki XİN rəhbərinin mediaya açıqladığı bəyanatda bu formada deyilir”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü ilə bağlı saytımıza açıqlamasıda politoloq Yeganə Hacıyeva bildirib:
“Tərəflər Praqa görüşündəki bəndlərə sədaqətini, yəni bir-birilərinin ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində irəliləyiş üçün proseslərə başlamaq və yekunlaşdırmaq, kommunikasiyaları açmaq, Qarabağdan hərbi kontingenti çıxarmaq barədə öhdəliklərə sədaqətini ifadə ediblər.
Hərbi birləşmələrin Qarabağdan çıxarılması 3 tərəfli razılaşmanın 4-cü bəndi olaraq, Praqa görüşündə Azərbaycanın təcili həyata keçirilməsini təklif etdiyi bəndlərdən biri idi. Üçtərəfli razılaşmanın 4-cü bəndində də bu öz əksini tapır. Dünən baş tutan görüşdə isə tərəflər Soçi görüşündəki öhdəliklərə sadiq qalmaları barədə razılığa gəliblər.
ABŞ-da dünən keçirilən görüşdə bir müsbət cəhət var. Bu görüşdə danışıqların sürətləndirilməsi və yaxın həftələrdə bir daha görüş keçirilməsi haqqında razılaşma əldə olunub. Bu böyük ehtimal ki, harada və necə baş tutacağından asılı olmayaraq, regional bir görüş kimi nəzərdə tutulur. Bu görüş də ABŞ-ın moderatorluğu ilə keçiriləcək”.
Onun sözlərinə görə, Rusiya məsuliyyətini öz üzərinə götürdüyü danışıqlara ciddi yanaşmayaraq, digər oyunçuları da prosesə aktiv şəkildə cəlb etməyə çalışır:
“Rusiyanın Cənubi Qafqazdakı 44 günlük vətən müharibəsindən sonrakı mərhələdə məsuliyyəti öz üzərinə götürdüyü danışıqlara çox da sədaqətli olmaması, yəni danışıqların məcrasını əks istiqamətdə dəyişməsi cəhdi digər oyunçuları prosesə daha aktiv cəlb etməsi ilə müşaiət olunur. ABŞ və Aİ də bunların sırasındadır. Danışıqlar ənənəvi xətt üzrə, Azərbaycan tərəfinin ortaya qoyduğu 5 maddə üzərindən aparılır. Yenə də heç bir təklif yoxdur və mümkün deyil.
Burada Amerika tərəfinin də mütəmadi olaraq Azərbaycanın erməni vətəndaşları ilə bağlı konstitutisyon hüquqlarının işə düşməsi və kommunikasiyaların başlanması ilə bağlı fikirləri də yenə də Azərbaycan tərəfinin özünün təklif etdiyi fikirlərdir.
Ümumilikdə, proses əsas baza olan 5 maddənin üzərində inkişaf edir. Rusiya isə bu mərhələdə, daha çox danışıqların ruhuna uygun olmayan , hətta deyərdim pozucu fəaliyyət göstərir. İstər Aİ, istər ABŞ fərqindədirlər ki, Cənubi Qafqazdakı bu həssas sülh tərəflərdən istifadə edərək prosesləri pozmaq istəyən qüvvələrin təşəbbüsləri ilə narahatlıqlar izlənilir. Bunun qarşısının alınması üçün hamı ciddi səylər göstərməlidir”.
Fidan Ali / Nezarettv.Az