“Bu bayram öz mahiyyətinə, insanlar, nəsillər və zamanlar arasında əlaqə yaratma bacarığına görə çox möhtəşəm və əvəzolunmaz bir bayramdır. Çünki bu bayram xalqımızın tarixində öz önəmli rolunu oynayır və oynayacaq da. O xalqlar xoşbəxtdir ki, onların inkişafını, gələcək yolunu işıqlandıran savadlı, alicənab və intelektual baxımdan zəngin liderləri olur”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri 8 noyabr Zəfər Günü ilə bağlı saytımızla təəssüratlarını bölüşən politoloq Tofiq Abbasov bildirib:
“Ümumiyyətlə, dövlət başçılarının xalqı ətrafında birləşdirə bilən insanların hər zaman hədəfləri olur. Onlar hətta Konstitusiya borcunu yerinə yetirərək həmvətənlərinə tutulmuş əsas yolun hara olduğunu, əsas məsələlərin hansılar olduğunu, milli strateji əhəmiyyətə malik hədəflərin, prioritetlərin nədən ibarət olduğunu bildirməlidirlər. Bu baxımdan Azərbaycan xalqının ağır dönəmdə bəxti gətirib, çünki bizim prezidentimiz İlham Əliyev həqiqətən də dövlət idarəçiliyində görülməyən nümunələr ortaya qoyur. Biz hamımız bilirik ki, xalqların poblemləri rəhbər zümrələrdə əyləşən insanların zəifliyindən, bacarıqsızlığından irəli gəlir.
Hakimiyyətə iddiası olanlar hər zaman çox olur. Ancaq onlardan yalnız bir neçəsi hakimiyyətə gəldikdən sonra, özünü, yerini, bacarığını təsdiqləyə bilir . Müasir dövrdə biz görürük ki, böyük bir postsovet məkanı var, böyük qlobal dünya var. Ən yaxşı halda iki əlin barmaqları kifayət edər ki, biz güclü liderləri sayaq. Bizim bölgəmizdə əlbəttə, bu şəxslər İlham Əliyev və onun ən yaxın silahdaşı Rəcəb Tayyib Ərdoğandır. Biz bu iki liderin həm milli zəmində, həm beynəlxalq xüsusda nə dərəcədə böyük işlər həyata keçirdiklərini görürük.
Bizim qələbəmizin əsas təminatçısı, Azərbaycan xalqı, Azərbaycan ordusu və lideridir. Biz bu üç varlıq arasnda üzvü bağlılığı görürük. Biz bu bağlılıq sayəsində qələbə çaldıq. Bizə inanmırdılar, bizim fikrimizi yayındırmağa çalışırdılar. Ölkə prezidenti bildirirdi ki, Ermənistan torpaqları öz istəyi ilə qaytarmasa, öz gücümüzlə onları geri qaytaracayıq və bunu edə bildik”.
Politoloq vurğulayıb ki, bizim bu qələbəmiz nəinki bu gün, gələcək nəsillər üçün böyük qürur mənbəyi olacaq:
“Ümumiyyətlə, İlham Əliyevin çox gözəl bir xüsusiyyəti var. O, daim xalq arasındadır. Azərbaycanın hansı ərazisində olursa olsun, o insanlarla ünsiyyət qurur, onların tövsiyələrini, xahişlərini dinləyir. Təbii ki, Azərbaycan xalqının Ermənistanla qarşıdurma məsələsində istəyi bu idi ki, biz torpaqlarımızı qaytaraq. Prezident həmişə vurğulayırdı ki, biz torpaqlarımızı azad edəcəyik, işğal ilə barışmayacayıq. Burada söhbət təkcə bizim hərbi qələbəmizdən getmir. İqtisadi zəmində əldə etdiyimiz qələbələrimiz çoxdur.
Əminəm ki, gələcək nəsillərimiz də bu qələbənin sevincini yaşayacaq və onun mahiyyətini özləri üçün rəhbər tutaraq, böyük işlərə imza atacaqlar. Çünki vaxt zaman keçdikcə hədəflər də dəyişir, təhlükələr yaranır. Biz bu gün görürük ki, bütün bunların hamısını ölkə prezidentimiz yaxşı başa düşür və onların təfsilatını anlatır. Bəzən olur ki, dövlət başçısı tərəfindən bir addım atılır ki, cəmiyyət olaraq bunun nəyə lazım olduğunu düşünürük. Məsələn, Qoşulmama hərəkatına daxil olduğumuz zaman da insanlar bunun nə ilə bağlı olduğunu soruşurdular. Sonradan bütün bunların düşünülmüş işlər olduğunun və onların hər birinin öz bəhrəsini verdiyinin şahidi olduq”.
Fidan Ali / Nezarettv.Az