“Ümumiyyətlə, son dövrlər İran kifayət qədər aqressivləşib. İndiyə kimi daha çox ABŞ-a, İsrailə mesajlar ünvanlayırdı. Hazırda isə region dövlətlərinə yönəlik də bəzi fikirlər səsləndirir. Eyni zamanda Rusiya ilə hərbi sahədə bir sıra müqayisələr aparılır”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq İlyas Hüseynov bildirib:
“Təbii ki, Rusiya dünyada böyük gücə malikdir. Rusiya-Ukrayna müharibəsinin başlanmasına qədər hər kəs Rusiyanı dünyada güclü dövlət hesab edirdi. Lakin Ukraynada gedən müharibə göstərdi ki, əslində deyilənlər həqiqətə uyğun deyil. Çünki Rusiyanın böyük ordusu və çoxsaylı texnikası olsa da, müasir texnologiyalar Rusiya texnikasını kifayət qədər geridə qoyur. Bunun nəticəsini biz Ukraynada əyani şəkildə görürük.
İran tərəfinə gəldikdə isə, o Rusiyanın zəifləməsindən sonra regionda özünü hərbi aspektdən daha da güclü olacağını zənn edir. İran PUA-larının Rusiyaya verilməsi, eləcə də Rusiyanın İran PUA-larından asılı olması da nəzərə alınmalıdır. Digər tərəfdən, təkcə PUA-lar İranı regionda güclü dövlət edə biləcəkmi? sualı yaranır. Düşünürəm ki, bu barədə Tehran ciddi fikirləşməlidir. Aydın məsələdir ki, hazırda Cənubi Qafqazda nə İran, nə də Rusiya hərbi göstəricilərə görə müqayisə oluna bilməz. Çünki NATO-dakı ikinci böyük orduya malik olan ölkə Türkiyədir. Türkiyə müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib. Bayraktar TB2, Akıncı PUA-larını və digər texnikalarını misal çəkmək olar”.
Onun sözlərinə görə, Rusiyanın zəifləməsindən sonra İranın ön plana çıxması məsələsi müşahidə oluna bilər. Amma regionda böyük güc sahibi hesab olunan Rusiyanı da belə tez gözdən çıxarmaq olmaz:
“İranın Rusiyanın zəifləməsindən sonra hərbi planda önə çıxması müşahidə oluna bilər. Amma Rusiyanı da tez bir zamanda hesabdan silmək olmaz. Çünki uzun illər İran özü də Rusiya texnikasına böyük ehtiyac duyurdu və iqtisadi sanksiyaların yumşalmasını istəyirdi ki, Rusiya texnikasına yiyələnsin. Bunun üçün müxtəlif satınalmalara hazırlıqlar da görürdü.
Düşünürəm ki, İran tərəfi çox tez ümidlənərək regionda hərbi varlığını və qüdrətini gücləndirmək haqqında planlar qursa da, bunu zaman göstərəcək. Hazırda çox böyük bir eyforiyaya qapılaraq İranın hərbi seqmentdə üstünlüyünü zənn etmək də doğru olmaz. Lakin İran ABŞ-a və İsrailə qarşı müqavimət üçün hərb sahəsinə kifayət qədər sərmayə yatırıb, texnologiyaların araşdırılması ilə məşğul olub.
Biz zaman-zaman İranda texnoloji yenilikləri də görürük. Bu da PUA-lar şəklində öz əksini tapır. Amma qeyd etmək lazımdır ki, hərb elmi daim inkişaf edir, hərbi texnologiyalar hər zaman inkişafdadır və biz hərbi qüdrətin təkcə PUA-larla əldə olunmasını düşünə bilmərik. Ona görə də qarşıdakı zamanlarda regionda güc balansının nədən ibarət olacağını izləyə biləcəyik”.
Fidan Ali / Nezarettv.Az