“Uşaqların cəzalandırılması üsulları Pedaqogika elmində geniş şəkildə öz əksini tapır. Belə ki, uşaqlar yaş kateqoriyalarına görə qruplara bölünür. Hər yaşın özünün rəğbətləndirmə və cəzalandırma üsulları var”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib:
“Cəza deyən zaman biz, fiziki şiddətdən, səs tonunun qaldırılmasından danışırıq. Hətta küncə qoymaq, uşağı danışdırmamaq, onunla ünsiyyətdən çəkinmək, yəni “küsmək” də bura aid edilə bilər. Cəzalandırma üsulları isə tamamilə fərqlidir. Yaş kateqoriyalarına uyğun olaraq, uşağın psixikasında, həyatının müxtəlif dönəmlərində müxtəlif yanaşmalar yaranır. Uşağın yaşı artdıqca bəzi xüsusiyyətlər onun zehninə əlavə olunur, bəziləri isə istifadə olunmadığı üçün unudulur.
Ona görə də yaş kateqoriyalarına görə rəğbətləndirmə və cəzalandırma üsullarından istifadə etmək lazımdır. Bu barədə mütəxəssislə məsləhətləşmək mütləqdir. Müxtəlif materiallarda bu üsullar barəsində nə qədər geniş məlumat olsa da, uşağın fərdi xüsusiyyətləri, yaşayış şəraiti, ailədə kiminlə yaşadığı (məs, öz valideynlərindən əlavə, qohumlardan hər hansısa biri), səhhətində problem olub-olmadığı mütləq nəzərə alınmalıdır.
Üsulların ümumi olmasına baxmayaraq, fərdiliyi, individuallığı diqqətdə saxlamaq lazımdır. Bu əsas şərtlərdən biridir. Uşaqların cəzalara öyrəşməsi, cəzadan qorxmaması və ya cəzanı rahat şəkildə qəbul etməsi övladların yox, valideynlərin yanaşmasından asılıdır. "Uşaqlar bu cəzalara öyrəşir və bir müddət sonra buna vərdiş edirlər" deyə bilmərik. Burada əksinə valideynin düzgün yanaşmaması özünü daha çox göstərir”.
Açıqlamasında dərsə alışdırma metodlarından söz açan psixoloq bildirib ki, bu zaman onlara qarşı aqressiv münasibət göstərmək olmaz:
“Dərsə alışdırma metodları da var. Bu metodlar cəza və aqressiya ilə tətbiq edilməməlidir. Ümumiyyətlə, uşaqlara aqressiv yanaşma birmənalı şəkildə ləğv olunmalıdır. Amma məsələ burasındadır ki, evdə mövcud olan şərait, abu-hava belə onu aqressiv edə bilər. Ona görə də övlad dünyaya gətirərkən onun mahiyyətini, məsuliyyətini dərindən dərk etməli və bütün davranışlarımıza, hərəkətlərimizə, münasibətlərimizə nəzarət etməliyik. Biz özümüzə nəzarət etsək, bu kifayət edəcək”.
Fidan Ali / Nezarettv.Az