“Türkiyənin İstanbul şəhərində baş verən terror aktı ilk növbədə siyasi sabitliyi hədəf alıb. Məqsəd isə keçiriləcək seçkilərdə Ərdoğanın reytinqini aşağı salmaqdır. Bununla, PKK terror təşkilatı Ərdoğan hakimiyyətinə təsir etməyə çalışır”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri İstanbulda törədilən terror aktı ilə bağlı açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib:
“Təbii ki, burada bəzi mərkəzlərin də dəstəyi var. İlk olaraq, bu terror aktını təşkil etməklə Türkiyəyə göstərmək istəyir ki, PKK ayaqdadır. PKK lazım olarsa, bu kimi terror təxribatlarını törədə bilər. Çünki Türkiyə Şimali İran və Suriyada PKK və YPP terror təşkilatına qarşı hərbi əməliyyatlar həyata keçirib, terror təşkilatlarına böyük zərbə vurub.
Düşünürəm ki, seçki öncəsi belə bir terror aktının həyata keçirilməsi heç də hakimiyyətlə xalq arasında uçurum yaratmayacaq. Xalq daha da hakimiyyət ətrafında sıx birləşəcək və PKK terror təşkilatı öz hədəfinə çatmayacaq. Türkiyə bu günə kimi terror aktarı ilə çox qarşılaşıb. Demək olar ki, hakimiyyət artıq hərbi əməliyyatlarla PKK-nı diz çökdürüb. Amma buna baxmayaraq, terror təşkilatının bəzi qüvvələri var ki, onlar təxribatı həyata keçirə bilirlər”.
Onun sözlərinə görə, gələcəkdə də terror təşkilatları tərəfindən bu kimi təxribatlar törədilə bilər, amma Türkiyə də öz növbəsində onlara qarşı hərbi əməliyyatlara davam edəcək:
“Amma bu PKK-nın özünə qarşı ciddi zərbə vuracaq. Türkiyə terror təşkilatlarına qarşı mübarizəsini daha da sərtləşdirəcək. Türkiyə rəsmilərinin verdiyi açıqlamalardan görünür ki, Türkiyə hakimiyyəti yeni planlar üzərində işləyir və seçki öncəsi baş verən bu kimi terror təxribatlarından onlar məlumatlı olublar. Əlbəttə ki, bundan sonra PKK yeni təxribatlara əl ata bilər. Düşünürəm ki,Türkiyə də bu terror aktlarını qabaqcadan neytrallaşdıracaq”.
Fidan Ali / Nezarettv.Az