“Bu gün böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, heç bir dövlət terror hadisəsindən sığortalanmayıb. İnkişaf etmiş dövlətlərdə mütəmadi baş verən bu cür hadisələr bunu sübut edir”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib:
“Terror hadisəsi hər bir ölkədə müxtəlif formada təzahür edir. Belə ki, terrorçuların ölkəyə uyğun olaraq istifadə etdikləri forma və metodlar dəyişir. O cümlədən, Azərbaycanda da terror hadisəsi törətməkdə maraqlı olan qüvvələr var və onlar dəfələrlə bizim ünvanımıza bu cür təhdidlər ediblər. Hətta Ermənistan siyasətçiləri və revanşistləri öz kütləvi informasiya vasitələrində bu barədə açıq-aşkar hədələr çap etməkdən çəkinmirlər. Ermənistan Azərbaycanda terror aktı törətməkdə maraqlıdır və onların ASALA kimi sırf terrorla məşğul olan çox böyük bir təşkilatı var”.
Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində qruplaşan qüvvələr var ki, onlar ölkəmizə qarşı terror aktı törətməkdə maraqlı ola bilərlər:
“Təbii ki, Türkiyə-Azərbaycan birliyinə və Azərbaycanın inkişafına mane olan qüvvələr təxribata əl ata bilərlər. Siyasi və yaxud başqa yollarla Azərbaycana təsir etmək imkanları tükəndikdən sonra bu qüvvələr ölkəmizə müxtəlif yollarla, o cümlədən terror aktı törətməklə təsir və təzyiq etmək haqqında düşünə bilərlər. Eləcə də dünyanın müxtəlif bölgələrində terror aktları törətməkdə ixtisaslaşan qüvvələr də var ki, Azərbaycana təsir etməkdə maraqlıdırlar. Amma görünən odur ki, Azərbaycanın xüsusi xidmət orqanları terrorla məşğul olan kanalları yaxşı bildiyindən onları ciddi nəzarət altında saxlayır.
Türkiyədə olan terror aktı Azərbaycan üçün də bir xəbərdarlıq hərəkəti ola bilər. Azərbaycana yönələ biləcək terror hadisələrinin qarşısını almaq üçün əhalinin hüquq mühafizə orqanları ilə bu sahədə əməkdaşlıq etməsi zəruridir. Biz hamımız bir olaraq yönələn təhdidlərin qarşısını ala bilərik. Başqa yolumuz yoxdur”.
Fidan Ali / Nezarettv.Az