“Müəyyən qidalar var ki, onların tərkibində əlavələr var və bu da insan orqanizminə xeyirdən daha çox ziyan verir. Məsələn, çörəyin tərkibində şəkər, yağ, sevərək qəbul etdiyimiz şokoladın tərkibində palma yağı var. Belə ki, bu əlavələr konsorogen təsirə malikdir, yəni onkoloji xəstəliklər yaradır”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında həkim-dietoloq Şəfa Yadigarova bildirib:
“Hazırda dünyada bir epidemiya yaranıb. Həm piylənmə, həm onkoloji xəstəliklər, həm ürək-damar xəstəlikləri geniş yayılıb. Hətta bunların sırasında şəkərli diabeti də göstərə bilərik ki, gənc nəsil arasında çox geniş yayılıb. Bu da onunla bağlıdır ki, hazırda insanlar daha çox paketli qidalara üstünlük verirlər. Çünki bu gün elə bir qida yoxdur ki, onun tərkibində şəkər olmasın.
Bu da təbii ki, həm insanın stressli yaşamasına, həm damar tıxanıqlığına, həm də artıq çəkidən əziyyət çəkməsinə səbəb olur. Qeyri-sağlam qidalanan insanlar bir müddət sonra bu qidalardan asılı vəziyyətə düşür və həmin qidaları gördükləri zaman onlara ehtiyac duyurlar. Qeyri-sağlam qidaların müntəzəm olaraq qəbulu isə gələcəkdə bir sıra xəstəliklərin yaranmasına səbəb olur”.
Dietoloq vurğulayıb ki, keçmişdən fərqli olaraq bu gün insanların daha çox xəstəliklərdən şikayət etməsi hərəkətsizlik və zərərli qidaların həddən artıq çox qəbul etməsi ilə bağlıdır:
“İlk növbədə keçmişdə insanlar daha hərəkətli bir yaşayış tərzinin içində olublar. Həmin dövrdə smartfonlar, televizorlar yox idi. Bu gün isə texnologiya sürətlə inkişaf edir. Məsələn, bu gün insan yerindən qalxmadan belə işığı söndürə bilir. Nəticə olaraq, insan daha az enerji sərf edir. Eyni zamanda qeyd edim ki, əvvəllər qidalar daha təbii idi. Bu gün marketdən alınan ət məhsulları istifadə olunursa, keçmişdə insanlar təbii şəkildə saxladıqları heyvanların ətindən istifadə edirdilər.
Əvvəllər şəkər o qədər də yayğın məhsul deyildi, amma hazırda hər bir qidanın tərkibində şəkər mövcuddur. Çünki bu gün onun hazırlanması daha rahatdır. Hətta mən deyərdim ki, şəkər “ağ narkotik”dir. Çünki bütün xəstəliklərin başında məhz şəkər durur. Ona görə də insanlar təkcə şəkərdən imtina etməklə bir sıra xəstəliklərdən qoruna bilərlər. Bu tip qidalanma insanlarda, hətta 9-10 yaşlı uşaqlarda piylənməyə səbəb olur. Belə ki, qızlarda kişi tipli, oğlanlarda isə qadın tipli piylənmə gedir. Bu o deməkdir ki, artıq onların orqanizmində endokrin pozulmalar baş verir”.
Fidan Ali / Nezarettv.Az