Azərbaycanın Dövlət Statistika Komitəsi (DSK) və Cənubi Koreyanın Statistika Komitəsi (KOSTAT) arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq iki ölkənin birgə həyata keçirdiyi “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində hazırlanmış İnzibati Məlumatların İdarə Olunması Sistemi (ADİS) bu gün təqdim olunub.
Təqdimat mərasimində DSK sədrinin müavini Yusif Yusifov və KOSTAT-ın planlaşdırma və əlaqələndirmə üzrə baş direktoru Hyangwoo Jeong çıxış ediblər.
Qeyd olunub ki, təkrarçılığı aradan qaldırmaqla, respondentlərin üzərinə düşən məlumat yükünün azaldılması, rəsmi statistika materiallarının istehsalı prosesinə çəkilən xərclərin optimallaşdırılması yolu ilə onun səmərəliliyinin yüksəldilməsi üçün tələb olunan fəaliyyətlərdən biri də rəsmi statistika sistemində müxtəlif dövlət qurumlarından əldə olunan inzibati məlumatların idarə olunması mexanizminin təkmilləşdirilməsidir.
Daha sonra yeni informasiya sistemi real vaxt rejimində təqdim olunub. Koreyanın “OCEAN IT” şirkətinin Statistika xidməti şöbəsinin meneceri Seonyong Von və DSK-nın Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi müdirinin müavini Toğrul Əcəlov layihə çərçivəsində görülmüş işlər, ADİS haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, ADİS-də həyata keçirilən proseslər beş mərhələyə bölünür. Bunlar məlumatların qəbulu, əlaqələndirilməsi, keyfiyyətinin yoxlanması, məlumat bazalarının yaradılması və sistemin idarə edilməsidir. Təqdimatda mütəxəssislər ADİS-in idarə olunması, o cümlədən sistem istifadəçisinin idarəetmə paneli və məlumatların idarə olunması ilə bağlı müvafiq funksiyaları nümayiş etdiriblər.