​"Fransa senatı erməni maraqlarına xidmət edir" - Politoloq

​
12:27 16.11.2022
340 Siyasət
A- A+

“Fransanın ermənipərəst ölkə olmasının bir neçə vacib əsası var. Fransada etnik baxımdan çoxsaylı erməni vətəndaş, onların geniş lobbi qrupu mövcuddur. Hətta Fransanın bəzi bölgələrində seçki nəticələrinə həlledici təsir edən, mediada fikrin formalaşdırılmasında iştirak edən, qanunverici orqanlarda ermənilərdən ibarət siyasi qruplar, hüquq-mühafizə orqanlarında etnik ermənilərdən ibarət şəbəkə və həmçinin Fransa daxili siyasətinə təsir gücünə malik bələdiyyə strukturlarında kifayət qədər geniş erməni şəbəkəsi mövzuddur”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri Fransa senatının Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qətnaməni qəbul etməsini saytımıza şərh edən politoloq Yeganə Hacıyeva bildirib:

“Etnik ermənilərin kompakt yaşadığı Marsel şəhəri Fransanın bahalı turizm şəhəridir və varlı ermənilər  maliyyə hesabına Fransada fikir formalaşdıra bilirlər. Bu və ya digər səbəblərdən erməni lobbisinin Fransa qanunverici orqanları adından Azərbaycana hücumları, böhtan kampaniyaları mütəmadi xarakter alıb. Fransa senatı hansısa başqa dövlətə sanksiya tətbiq edəcək, yaxud hansısa məhdudiyyəti müzakirə edəcək təsisat deyil, amma bunu tövsiyyə edə bilər və edir. Fransa senatı daxili qanunvericilikdə öz vətəndaşları üçün nəyisə müsbətə dəyişmək yönündə ideyalar, layihələr təklif edə bilər. Eyni zamanda senat Fransa XİN-ə də hansısa ölkə ilə münasibətləri necə qurmaq barədə göstəriş verəcək təsisat deyil.

Qətnamənin adı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsinə dair qətnamə layihəsi” adlansa da mahiyyəti tamamilə fərqlidir. Qətnamənin istinad hüquqi baza sənədləri kimi göstərilən bir neçə müqavilə, saziş və konvensiya ilə təqdim edilməsi, ümumiyyətlə, manipulyasiya və təhrif elementlidir. Məsələn, qətnamənin təqdimatında baza sənəd kimi göstərilən 4 aprel 1949-cu il tarixli Şimali Atlantika müqaviləsinin nə bu mövzuya, nə də qətnamədə adı keçən tərəflərə aiddiyatı var”.

Onun sözlərinə görə, bəndlərdə qeyd olunan, güya Azərbaycan tərəfindən Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməməsi iddiası tamamilə yalandır:

“Digər bənddə “Dağlıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi və azadlığının Azərbaycan Respublikası tərəfindən təmin edilmədiyinin” iddia edilməsi, ümumiyyətlə, yalandır. Çünki ermənilər Rusiyanın onları Azərbaycan ərazilərinə köçürülməsindən sonra həmişə rahat, azad və firavan yaşayıblar.

BMT Təhlükəsizlik Şurasının ona sədrlik edən Fransanın müraciəti əsasında keçirilən fövqəladə iclasda güya ki, beynəlxalq ictimaiyyətə qınağın olmasını bildirir ki, bu da ağ yalandır. Çünki o iclasda BMT Nizamnaməsinin 51-ci bəndinə istinadən tərəflərin, yəni  Azərbaycanın öz sərhədləri çərçivəsində legitim müdafiə haqqı tanınıb.

“Azərbaycanın və onun müttəfiqlərinin qüvvələrinin dərhal və qeyd-şərtsiz Ermənistanın suveren ərazisindən çıxmasına çağırış” bəndi isə göyə atılmış almadır, çünki belə bir hal yoxdur”.

Politoloq qeyd edib ki, Fransa senatı bu qətnaməni qəbul etməklə bir daha göstərir ki, o Ermənistanın maraqlarına xidmət edir:

“Azərbaycan hakimiyyəti və onun regiondakı tərəfdaşları, xüsusilə Türkiyə tərəfindən, gələcəkdə beynəlxalq öhdəliklərinə uyğun olaraq, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət edilməsini tələb edir” bəndi, ümumiyyətlə, yersizdir. Çünki Türkiyə onsuz da Ermənistanın ərazi bütövlüyünü hələ 90-cı illərdən tanıyıb. Ermənistan isə Türkiyəyə qarşı ərazi iddiasındadır. Ümumuyyətlə, Fransa senatı fransız dövlətinin  marağına deyil, erməni iddialarının marağına xidmət edir.

Xatırlatmaq istəyirəm ki, ki, xarici siyasət üzrə Fransanın məşhur siyasətçisi, deputat Jerom Lamber hələ keçən il, Fransız xalqının maraqları bir qrup ermənilərin girovuna çevrilməsi haqqında etiraz etmişdi. Fransa höküməti beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilib. Fransa layiqli diplomatik mövqe tutmasını istəyirsə, siyasətdə kök salmış erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməli və buna diqqət yetirməlidir. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibə?

Bu tövsiyyə xarakterli qətnamə də Fransa senatında xalqın maraqlarının bir ovuc lobbi qrupunun əsiri olmasının növbəti nümayişidir”.

Fidan Ali / Nezarettv.Az