​"Əgər Rusiya Ukrayada nüvə silahı tətbiq edərsə..." - Politoloq

​
14:36 16.11.2022
324 Siyasət
A- A+

“Düşünürəm ki, əgər bu hücum Rusiya tərəfindən edilibsə, bu mesaj xarakteri daşıyır. Hələ ki, Rusiya bunu inkar edir. Çünki Rusiya konvensional müharibəni demək olar ki, uduzub”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Turab Rzayev bildirib:

“Rusiya artıq Ukraynada səhra müharibəsi apararaq qarşı tərəfə qalib gələ bilmir. Bunu xerson əməliyyatları da göstərdi ki, Rusiya öz mövqelərini qorumaq üçün məcbur olaraq Dnepr çayı sahilindən çəkilməli oldu. Digər əməliyyatlar da göstərir ki, Rusiya Kiyevi, Xarkovu və Odessanı ələ keçirə bilmədi. Ona görə də Rusiya artıq başa düşür ki, əməliyyatlara davam edə bilməyəcək. Əksinə, Ukrayna davam edib, Rusiyanın indiyə qədər işğal etdiyi əraziləri azad edərsə, bu həm Putin rejimi üçün, həm də Rusiya üçün çox böyük məğlubiyyət deməkdir. Rusiya buna görə də, sonuncu, yəni nüvə silahını işə salmaq istəyir.

Fikrimcə, bununla bağlı Qərb kəşfiyyatında çox böyük və dəqiq məlumatlar var. Məhz bu yaxınlardakı Mərkəzi Kəşfiyyat Dairəsi rəisinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə Ankarada görüşü ona hesablanmışdı. Qərbin burada yeganə istəyi nüvə müharibəsinin olmaması idi. Rusiya Polşaya roket hücumu ilə açıq şəkildə mesaj verir ki, biz nüvə müharibəsindən çəkinmirik. Aydın məsələdir ki, Rusiya bunu inkar edəcək. Ancaq açıq şəkildə mesaj verir ki, Ukraynada yaxın zamanlarda nüvə silahı tətbiq edə və Qərbi çıxılmaz vəziyyətdə qoya bilər”.

Onun sözlərinə görə, Rusiya əgər Ukraynaya qarşı nüvə silahı tətbiq edərsə, NATO Rusiyaya qarşı müharibəyə başlayacaq:

“Əgər hücum həqiqətən də Rusiyanın iddia etdiyi kimi, onlar tərəfindən edilməyibsə, o zaman deyə bilərik ki, bu provakasiyanı Qərb özü hazırlayıb. Məqsəd isə Rusiyanın gözünü qorxutmaqdır. Bununla bildirmək istəyir ki, əgər Rusiya Ukrayada nüvə silahı tətbiq edərsə, Polşaya atılan roketləri bəhanə edərək, bütün NATO Rusiyaya qarşı müharibəyə başlaya bilər. Bu formada Rusiyanı nüvə silahı atmaqdan çəkindirmək istəyir”.

Fidan Ali / Nezarettv.Az