“Düşünürəm ki, Fransa senatının qəbul etdiyi bu qərar deklorativ xarakter daşıyan sənəddir. Çünki burada əsas söz sahibi senat yox, Fransa hökumətidir. Yəni senat bu qərarı hökumətə müraciət kimi qəbul edib”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri Fransa senatının Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qətnamə qəbul etməsi barədə saytımıza açıqlamasında deputat Arzu Nağıyev bildirib:
“Burada bir sıra məsələlər var. Belə ki, ölkəmizə qarşı sanksiya tətbiqini nəzərdə tutan qətnaməni qəbul etməklə Azərbaycandan Avropaya neft təchizatı üçün də maneələr yaradırlar. Burada 4 aprel 1949-cu il BMT-nin sənədi, 26 iyun 1945-ci il Fransa Konstitusiyası, 4 yanvar 1969-cu ildə qəbul olunmuş Beynəlxalq Konvensiyaya istinad olunub. Ancaq unutmasınlar ki, özləri də uzun illər bu sənədlərə qarşı çıxaraq daim insan haqlarını tapdalayıblar.
Digər bir məsələ isə, qondarma Dağlıq Qarabağ Respublikası ərazisində "humanitar büro" yaradılması ilə bağlıdır. Azərbaycan ərazisində bu kimi büronun yaradılması və inkişaf etdirilməsi mümkün deyil. Güya qondarma Dağlıq Qarabağ Respublikası ərazisində yaşayan erməniləri qorumaq istəyirlər. Bunların hər biri boş bəyənatlardır. Dəfələrlə Azərbaycan Respublikası prezidenti İlham Əliyev öz çıxışlarında qeyd edib ki, həmin ərazilər bizimdir və əhalisi də bizim vətəndaşımızdır. Təbii ki, Azərbaycan Respublikası Konstitusiyasını pozmayıblarsa, cinayət törətməyiblərsə, birmənalı şəkildə biz onların təhlükəsizliyinə cavabdehik”.
Deputat vurğulayıb ki, Ermənistanın güya Qarabağ məsələsinin hələ bitməməsi ilə bağlı davamlı çıxış etməsinə səbəb öz vətəndaşlarından qorxmasıdır:
“Bundan başqa qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması məsələsi var. Əgər belə lazımdırsa, Ermənistan niyə özü bu addımı atmır. Yəni bunların heç biri inandırıcı deyil, sadəcə olaraq, siyasi gedişlərdir. Ölkəmizə qarşı hansısa sanksiyaların tətbiqi bizi qorxutmur. Çünki 2020-ci ilin noyabrında da Fransa senatı belə bir addım atmışdı. Bəs niyə Paşinyan və onun komandası güya məsələnin Avropa səviyyəsində qaldırılmasına görə sevinirlər? Çünki öz vətəndaşlarından, Qarabağda ölən əsgərlərin valideynlərindən qorxurlar. Məhz buna görə də davamlı çıxış edirlər ki, güya Qarabağ məsələsi hələ bitməyib. Yəni Ermənistan özü üçün belə bir nəticə çıxarmaq istəyir ki, artıq Avropada bu söhbətə qayıdıblar.
Fransa Azərbaycan münasibətlərinə də müsbət tendensiya gətirən deyil. Çünki Fransa anlamalıdır ki, Azərbaycan suveren ölkədir, Qarabağ Azərbaycanın ərazisidir və ermənilərin iddialarına baxmayaraq, bu problemlər yalnız Azərbaycanın razılığı ilə həll edilə bilər. Əsas məqam da odur ki, 44 günlük müharibədə Azərbaycan qalib tərəfdir və bizim Qarabağla bağlı hər hansı bir problemimiz yoxdur. Bizim problemimiz Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Bunu da həll etməyə, öz təhlükəsizliyimizi, suverenliyimizi qorumağa qadirik”.
Fidan Ali / Nezarettv.Az