​"Rusiya o zaman nüvə silahından istifadə edə bilər ki..." - Politoloq AÇIQLADI

​
12:47 17.11.2022
401 Siyasət
A- A+

“Son bir neçə gündə Rusiyaya qarşı beynəlxalq təhdid daha da artıb. Rusiyanın nüvə silahı tətbiq etməsi ilə bağlı fərqli situasiya yaranır. Belə bir qərar qəbul edilmişdi ki, taktiki nüvə silahından istifadə edəcək ilk ölkə Rusiya olmayacaq. Ona qarşı, ərazi bütövlüyünə qarşı hər hansı bir təhdid olarsa, o zaman Rusiya taktiki nüvə silahından istifadəyə əl ata bilər”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Samir Hümbətov bildirib:

“Ola bilsin ki, Krım məsələsində də Rusiya bu addımı ata bilər. Yəni Krımın alınması məsələsi yaranarsa, nüvə silahından istifadə edə bilər. Amma nə Rusiya, nə də NATO bir-biriləri ilə qarşılaşmaq istəyir. Ona görə də maksimum dərəcədə məsafəli addımlar atmağa çalışırlar. Yens Stoltenberqin açıqlaması da onu göstərir ki, NATO da Rusiya ilə genişmiqyaslı qarşıdurmaya girmək istəmir. Əslində Rusiyanı ya daxildən, ya da Ukrayna vasitəsi ilə çökdürməyə çalışırlar. Yəni Ukrayna vasitəsi ilə Rusiyanın hərbisini zəiflətmək məqsədi güdürlər. Hesab edirəm ki, Rusiyanın hazırkı zaman üçün aqressivləşib, nüvə silahından istifadə etməsi inandırıcı deyil”.

Onun sözlərinə görə, Qərbin istəyi Rusiya ilə Ukrayna arasındakı münasibətlərin uzun müddət gərgin qalmasıdır:

“Digər tərəfdən, Qərb ölkələri Ukraynaya verdikləri silah-sursatları elə formada təqdim edirlər ki, Ukrayna ərazilərini tam şəkildə işğal edə bilməsin, sadəcə olaraq əlavə vaxt qazandırsın. Nəticədə də Rusiya ilə hazırki münasibətlər davam etsin. Bu zaman da həm Ukrayna, həm də Rusiya hərbi baxımdan zəifləyəcək. Eyni zamanda bu müharibəni bəhanə edərək, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyaların sayını artırmaq və Rusiya iqtisadiyyatını tamamilə çökdürmək istəyirlər. Bu da SSRİ-nin çöküşünün bir bənzəri olacaq.

Bu baxımdan hesab edirəm ki, Rusiyanın hələ ki, nüvə silahından istifadə etməsi üçün əlində tutarlı səbəbi yoxdur. Bu o zaman mümkün olar ki, NATO tərəfindən Rusiyanın ərazisinə hücum təşkil edilmiş olsun. Bu halda Rusiya qarşılıq verə bilər. Amma bu məsələ hazırda o qədər də ciddi görünmür”.

Fidan Ali / Nezarettv.Az