​“Buratino” nümayiş olunacaq

​“Buratino” nümayiş
23:48 17.11.2022
A- A+

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.

Yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda fərqli şəkildə təqdim olunacaq. Eyni zamanda səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa edəcəkləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.