“Hazırda Ermənistanın səsləndirdiyi fikirlər əsasında konkret bir mülahizə yürütmək mümkün deyil. Çünki Ermənistan tez-tez mövqeyində dəyişikliklər edir. Eyni zamanda Ermənistanın irəli sürdüyü təkliflərin də Azərbaycan tərəfindən qəbul edilmədiyi hər kəsə məlumdur”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib:
“Ermənistan Azərbaycanın daxili işinə qarışaraq, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindəki etnik ermənilərlə bağlı hər hansı bir mexanizmləri müəyyənləşdirmək istəyir. Bu da ölkəmiz tərəfindən qəbul edilməyəcək. Sülhməramlıların mandatının uzadılması ilə bağlı Ermənistanın sərgilədiyi bütün bu davranışlar, mahiyyət etibarilə həm də beynəlxalq təhlükəsizlik mexanizmləri məsələsinin ortaya atılması, Ermənistandan daha çox həm özlərinin, həm də Rusiyanın himayəçilərinin mövqeyindən qaynaqlanır. Bu cəhdlər əslində Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışlarında da özünü büruzə verir.
Məsələ əgər Moskvanın iştirakı olmadan hər hansı bir tərəfin iştirakı olmadan sülhün əldə olunmasından gedirsə, şübhəsiz ki, Azərbaycan ikitərəfli formatda müzakirələrin aparılmasına hər zaman üstünlük verdiyini bəyan edib. Amma bu müzakirələrdə xaricdən ötürülən tezislərin müzakirə masasına çıxarılması hər hansı bir formada qəbuledilməzdir”.
Onun sözlərinə görə, Ermənistan hazırda manipulyasiya edən fikirlər səsləndirməklə proseslərdən istifadə etməyə çalışır:
“Ermənistan indiki şəraitdə şərt irəli sürəcək ölkə deyil. Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törədən, torpaqlarını viran qoyan və buna görə hələ də öz məsuliyyətini qəbul etməyən, təzminat ödəməyən bir ölkədir. Bəşər tarixində məğlub olan tərəfin qalib tərəfə şərt irəli sürməsi faktına rast gəlinməyib. Masa üzərində aparılan danışıqlar yalnız mövcud reallıqlara, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Ona görə də, Ermənistan masa üzərində Bakının təklifləri ilə yanaşı İrəvanın da təkliflərinin olduğu barədə fikirlər səsləndirsə də, bu təkliflərin bir hissəsinin Ermənistanın indiki siyasi hakimiyyətinə aid olmadığı və kənardan ötürüldüyü hər kəsə məlumdur. Ermənistan bu faktorlardan istifadə edərək, öz mənafeyi naminə proseslərdən yararlanmaq istəyir”.
Fidan Ali / Nezarettv.Az