“Universietlərin bir çoxu paytaxt ərazisində yerləşir və bu universitetlərin regionlarda filialları olduqca azdır. Lənkəran Dövlət Universiteti (LDU), Gəncə Dövlət Universiteti (GDU) kimi bəzi universitetlər var ki, regionda yerləşir. Buna baxmayaraq, bu universitetlərin demək olar ki, hər il plan yerləri dolur”.
Nezarettv.Az xəbər verir ki, bu sözləri universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi ilə bağlı saytımıza açıqlamasında təhsil eksperti Adil Vəliyev bildirib:
“Əgər paytaxtda yerləşən universitetlərin regionlarda filialları açılarsa, yaxud da regionlarda yeni universitetlər yaradılarsa, bu şəhərdə olan yükün qarşısını bir az da olsa ala bilər. Ancaq burada diqqət edilməsi gərəkən başqa bir məqam da var. Hər hansı bir universitetin filialının açılmasına sadəcə şəhərdəki sıxlıq aspektindən baxa bilmərik. Məsələn, ADPU-nun hər hansı bir rayonda filialının açılması gələcəkdə əmək bazarına nə dərəcədə təsir göstərəcək? Tələbələrin məzun olduqdan sonra iş ilə təmin olunması hansı səviyyədə olacaq? Əgər biz tələbələrin gələcəkdə universiteti bitirdikdən sonra işlə təmin olunmasını istəyiriksə, o zaman fərqli istiqamətdə universitetlərin açılması üçün müəyyən addımlar atmalıyıq. Yaxud da BSU, ADPU və ADU-nun ixtisaslarında təxminən 70-80% oxşarlıq var.
Düşünürəm ki, bu universitetlərdən ən azı birini regionlara köçürmək olar ki, onun əvəzinə Bakıda gələcəkdə əmək bazarının tələb edəcəyi ixtisaslar baxımından yeni bir universitet açmaq olar. Bu həm əmək bazarının tələblərinə uyğun olacaq, həm də abituriyentlər ixtisas seçimi edərkən artıq öz istiqamətlərini bildikləri üçün bu universitetlərə yönələcəklər. Təəssüf ki, hər il abituriyentlər balı hansı ixtisası seçməyə imkan verirsə, ona müraciət edir. Düşünürəm ki, universitetlərin çoxunu kənar ərazilərə köçürmək o qədər də düzgün qərar olmaz. Məsələn, BDU, ADNSU kimi universitetləri hansısa bir regiona köçürməyimiz doğru olmaz. Eyni zamanda regionlarda universitetlərin açılmasının gələcəkdə həmin rayonun sürətli inkişafına nə qədər müsbət təsir etdiyinin şahidi ola bilərik”.
Ekspert vurğulayıb ki, biz həmişə sıxlığın əsas səbəblərindən biri kimi universitetləri göstəririk, ancaq məktəblər də bu məsələdə müəyyən qədər rol oynayır:
“Şəhərdəki sıxlığın qarşısını almaq üçün universitetlərdən əlavə, məktəbləri də nəzərə almalıyıq. Çünki hazırda ölkə məktəblərində payız tətili ilə əlaqədar olaraq tətil elan olunub. Tətil müddətində şəhərdə sıxlığın müəyyən qədər azaldığının şahidi ola bilərik. Məktəblərin fəaliyyətdə olduğu müddətdə sıxlığın qarşısını almaq üçün məktəblərə xüsusi servis avtobusları təşkil olunmalıdır.
Təhsil Nazirliyi məktəblər üçün belə bir servis avtobuslarının təşkilini nəzərdə tuta bilər. Valideynlər ya şəxsi, ya da müəyyən məbləğ müqabilində tutulmuş avtomobil vasitəsilə övladlarını məktəbə aparırlar. Ona görə də məktəbə müəyyən qədər ödəniş etməklə servis avtobuslarının təşkilini həyata keçirmək olar. Düşünürəm ki, bu formada həll yolu da sıxılığın aradan qalxmasına imkan verər”.
Fidan Ali / Nezarettv.Az