Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə icra edilən “Bir oyuncaq” uşaqlara dəstək aksiyası təşkil olunub.
Aksiyanın əsas məqsədi ucqar dağ kəndlərində yaşayan uşaqların sosial qayğı ilə əhatə olunması, eyni zamanda, gənclər arasında təşəbbüskarlığın və vətəndaş məsuliyyətinin artırılmasından ibarətdir. Bu məqsədlə gənc təşəbbüs qrupu tərəfindən ucqar kəndlərdə yaşayan uşaqlar müxtəlif oyuncaqlar, idman məhsulları, maarifləndirici dəftərxana ləvazimatları və digər əşyalarla təmin edilir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulovun iştirakı ilə növbəti aksiya Lənkəranın ucqar dağlıq ərazisində yerləşən Gəgiran kəndində olub.
Zəfər Günü ərəfəsində planlaşdırılmış səfər zamanı öncə kəndin şəhid məzarları ziyarət olunub və şəhid ailələri ilə görüş keçirilib, şəhid övladlarına hədiyyələr verilib.
Daha sonra kənddə yaşayan 150 uşağa könüllü ianə və dəstəklər hesabına toplanan oyuncaqlar, maarifləndirici ləvazimatlar hədiyyə edilib. “Bir oyuncaq” uşaqlara dəstək layihəsinin davamlı olaraq müxtəlif ucqar dağ kəndlərində keçirilməsi planlaşdırılıb.