Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılıb.
Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib. O qeyd edib ki, Zaqatala Melioservis İdarəsi bu işləri rayon ərazisindən axan Muxax çayda həyata keçirir:
"Muxax çayı zaman-zaman sel gətirən çay olduğundan əkin sahələrini, yaşayış məntəqələrini, meşə zolağını və yaxınlıqdan keçən magistral yolu təhlükədə qoyurdu. Əsasən yaz və payız aylarında çayda suyun səviyyəsi artır, əksər vaxtlarda isə bu hal sel gəlməsi ilə nəticələnirdi. Hazırda bu kimi problemlərin aradan qaldırılması üçün idarənin texnikaları çayın məcrasına cəlb olunub. Sakinlərin təhlükəsizliyini təmin etmək, əkdikləri kənd təsərrüfatı bitkilərini qorumaq üçün texnikalar vasitəsi ilə çay məcraları mütəmadi olaraq təmizlənir. Bundan başqa rayon ərazisindən keçən Tala çayda, Qax rayonu ərazisində Kürmük çayda və Qara çayda bu işlər davam edir. Hazırda Qara çayın məcrası təmizlənir, çaya gələn lilli suyun maneəsiz olaraq kənd ərazilərindən ötüb keçməsi təmin olunur".
Dilqəm Şərifov əlavə edib ki, Zaqatala Melioservis İdarəsi Zaqatala və Qax rayonları ilə yanaşı Beyləqan rayonunda P-1 və P-2 kanallarının lildən təmizlənməsi işlərini yekunlaşdırıb. Hazırda idarənin texnikaları Qəbələ rayonu ərazisində suvarma kanallarını lildən təmizləyir. Göygöldə isə su itkisinin qarşısının alınması məqsədilə kanalın beton üzlüyə alınması işləri görülür.