“Hazırda kriptovalyuta bazarında qiymətlərin enməsinə əsas səbəb son günlərdə bir sıra kriptovalyuta birjaları və şirkətlərinin müflis elan edilməsidir”.
Nezarettv.Az xəbər verir ki bu sözləri hazırda kriptovalyuta bazarındakı vəziyyətlə bağlı saytımıza açıqlamasında maliyyə və kriptovalyutalar üzrə ekspert Elnur Quliyev bildirib:
“Nəticədə, bir çox investorlar bu şirkətlərdəki vəsaitlərini itirdilər, bəziləri isə kriptovalyuta birjalarda olan rəqəmsal aktivlərinin çıxarılması ilə bağlı məhdudiyyətlərlə qarşılaşdılar. Bundan əlavə, qlobal bazarlarda neqativ makroiqtisadi xəbərlər də kripto-investorların öz vəsaitlərini nağdlaşdıraraq bazardan çıxmağa vadar edib. Qlobal tədarük zəncirinin pozulması, enerji daşıyıcılarının bahalaşması, Rusiya-Ukrayna müharibəsi dünya üzrə inflyasiya proseslərinin sürətlənməsi ilə nəticələnib. Mərkəzi Banklar, o cümlədən ABŞ-ın Federal Ehtiyat Sistemi sərt pul-kredit siyasətinə keçib. Bütün bu faktorlar da “bitcoin”in dəyərdən düşməsinə ciddi təsir edib və son 6 ay ərzində qiymətinin 30% ucuzlaşması ilə nəticələnib. Hesab edirəm ki, bu tendensiya davam edərsə biz “bitcoin”in 12.000-14.000 dollara qədər düşməsini görə bilərk. Kriptovalyuta bazarında qiymətlərin enməsinə baxmayaraq, bir çox tanınmış korporativ şirkətlər, investisiya fondları bu sektora maraq göstərir və yaxın gələcəkdə kriptovalyutaların yenidən dəyər qazanacağına inanırlar.
Bu səbəbdən, hazırda investorlar bazarda qiymətlərin ən “dib” nöqtəyə çatmasını gözləyirlər ki, kriptovalyutaları maksimum ucuz qiymətə ala bilsinlər. Uzunmüddətli mövqədə isə rəqəmsal valyutaların yenidən dəyər qazanması heç kəsdə şübhə doğurmur”.
Onun sözlərinə görə, kriptovalyuta riskli sektor olduğundan insvestisiya edərkən diqqətli olmaq lazımdır:
“Kriptovalyutalar kifayət qədər riskli alətdir və odur ki, bu sektora itirməyə gözə aldığınız məbləğdə investisiya etməyi tövsiyyə edirəm. Əsla bu sektora borc kapital ilə sərmayə yatırmayın. Çünki investisiya məbləğinizin geri qayıtması illərlə davam edə bilər. Əgər bu sektora investisiya etmisinizsə, səbrli olmağı bacarmalısınız. Hesab edirəm ki, kriptovalyuta bazarının yenidən “canlanması”nı 2024-cü ilin 2-ci rübündən sonra müşahidə edə bilərik”.
Fidan Ali / Nezarettv.Az