​"Azərbaycan regionda bütün məkirli planların önündə sipər kimi dayanacaq" - Politoloq

​
14:43 05.12.2022
241 Siyasət
A- A+

“Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında dəfələrlə edilən müraciətlərimizə baxmayaraq Azərbaycan ərazilərinin adlarının hələ də uydurma erməni toponimləri ilə qeyd olunması faktını bir neçə dəfə qarşı tərəfin diqqətinə çatdırıb. Lakin hər dəfə bu məsələyə etinasız yanaşırlar”.

Nezarettv.Az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib:

“Həm də İrandan Xankəndiyə 14 İran vətəndaşının keçməsi Azərbaycan cəmiyyətini dərindən narahat edirdi. Münasibətlərin bu yerində və məsələlərin qızğın çağında İran vətəndaşları Azərbaycanın beynəlxalq səviyyədə təsbit olunmuş ərazilərinə necə və nəyə görə keçir? Bu məsələlərə o faktı da əlavə edək ki, illər ərzində sərvətlərimiz talanıb, bu istismar prosesi yenə də davam edir, ekologiyamıza da indiyə qədər ciddi zərər vurulur. Belə olan halda təbii ki, Azərbaycan dövləti öz ərazilərinin ümumi vəziyyəti, orada narahatlıq doğuran amillərlə bağlı haqlı olaraq məlumatlı olmaq istəyir və bu qətiyyətimizi də biz hər tərəfə göstəririk. Bu dəfə ekologiyadan başladıq və Xankəndimizə mülki geyimli vətəndaşlarımız, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları getdilər. Bunda qeyri-adi heç nə yox idi. Gəldik, öz ərazimizə baxdıq, bir daha nümayiş olundu ki, müvəqqətiliyin daimiliyə keçməsinə bir addım qalıb.

Onu da nəzərə alaq ki, bütün bu hadisələr mövqelərimizin atəşə tutulması ilə paralel şəkildə cərəyan edirdi. Həm də incə məsələ orasındadır ki, atəşin açılması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri və Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindəndir. Buna görə də bir neçə saat ərzində cəmiyyətimizin və dünya ictimaiyyətinin diqqəti Xankəndiyə yönəldi. Məhz bu amilin özü belə olduqca müsbət, dərin və incə düşünülmüş bir addım idi. Bundan sonra kommunikasiyalar və təchizat məsələləri aktiv tutulacaq ki, bu istiqamətdə də Azərbaycan dövləti bütün vətəndaşlarının təchizat təhlükəsizliyini təmin etmək və onu gücləndirməklə inteqrasiya məsələlərinin qarşısında duran dərin səddi yaracaq. Yəni, gələn dəfə səfər edəcək qurum bir başqası olacaq”.

Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşünə toxunan politoloq bildirib ki, bu görüşün keçirilməsi bir daha bizim əzmimizi və qətiyyətimizi göstərdi:

“Məhz bundan sonra Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüşün keçiriləcəyi açıqlandı ki, deməli, birmənalı şəkildə məsələləri qətiyyətlə və sonuna qədər həll etmək əzmi və real addımları ortaya qoyuruq.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycan bütün həmlələrin qarşısını alacaq və regionda bütün məkirli planların önündə sipər kimi dayanacaq. Son günlər Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinin də böyük əhəmiyyəti var. Dövlət başçımız çox aydın ifadə etdi ki, “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planlar quranlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim Silahlı Qüvvələrimiz də var. Bizim ordu isə tək deyil, o cümlədən orada Türkiyə Silahlı Qüvvələri var”.

Fidan Ali / Nezarettv.Az