​Azərbaycanda su tapılmayacaq - Kəhrizlərdən istifadə geri qayıdır

​Azərbaycanda su tapılmayacaq
16:01 07.03.2023
400 Ölkə
A- A+
“Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal alır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib. Qeyd edək ki, son illər ölkədə su təminatı ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan su təchizatı idarəsinin ərazisində istismara verilmiş kompleksi Bakı şəhəri və Abşeron yarımadasının yüksək keyfiyyətli və dayanıqlı içməli su ilə təminatında mühüm rol oynayır. Ancaq bununla yanaşı, bəzi mütəxəssislər yaxın gələcəkdə əhalinin su ilə təminatında problemlər yaşanacağını deyirlər. 

Belə olduğu təqdirdə vətəndaşlar yenə su problem ilə üzləşəcək və icməli su insanlara indikindən böyük fasilələrlə veriləcək? 

AMEA-nın vitse-prezidenti İradə Hüseynova bildirib ki, Azərbaycanda su ehtiyatlarının böyük bir hissəsi, xarici ölkələr, tranzit sular hesabına formalaşır: 

“Dünyada qlobal istiləşmə, temperaturun ildən-ilə yüksəlməsi bunu şərtləndirir. Ümumiyyətlə, Azərbaycan elə bir ərazidə yerləşir ki, gələcəkdə su problemi ilə üzləşə bilər. İndi televiziya kanallarında suya qənaət edilməsi ilə bağlı sosial çarxlar yayımlanır. Azərbaycanda su səmərəsiz çox istifadə olunur. Biz hər damlanın qədrini bilməliyik. Bu, bizim üçün böyük nemətdir. Əfsuslar olsun ki, onu o qədər də yüksək qiymətləndirə bilmirik. Kür çayı, Araz çayı, Xəzərin səviyyəsi düşür. İşğaldan azad edilmiş torpaqlarımızda böyük su ehtiyatlarımız var. Artıq müəyyən tələbatımız o çayların suyu hesabına ödənilə bilər. Ancaq bu problem dünyada kəskin hal alıb. Avropada da bu problem var. 

Biz İngiltərə, Almaniya, İtaliya və digər ölkələrdə su qıtlığı ilə rastlaşdıq. Biz buna hazır olmalıyıq. Ona görə də maksimum dərəcədə sudan səmərəli olunmalıdır. Krantların boş yerə açıq olmaması, lazımsız məsrəf haqda ciddi düşünməliyik. Qarşıdan isti yay gəlir və temperatur yüksələcək, buxarlanma daha çox olacaq. Əgər bu gün belə problemlərimiz varsa, qarşıda bu problemlər daha da kəskinləşə bilər. Biz suyun hər damlasının qədrini bilməliyik”. 

Alimin sözlərinə görə, sudan səmərəli istifadə olunması ilə bağlı tədbirlər planı təqdim olunub və bu istiqamətdə işlər getdi: 

“Yeni su mənbələri axtarıb tapılır, su kəmərləri çəkilir. Ancaq unutmaq olmaz ki, Azərbaycan əhalisinin sayı 10 milyon nəfəri keçib. Əhali artsa da, su mənbələrimiz artmır. Hətta indi çalışmalıyıq ki, yeraltı su mənbələrimizdən,kəhrizlərdən istifadə olunsun. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yeraltı su mənbələrimiz, kəhrizlərimiz var. Onları normal vəziyyətə gətirmək lazımdır, çünki 30 il ərazində orada ciddi problemlər yaşanıb. Dövlət lazım olan bütün tədbirləri görür. Hətta bir sıra dünya ölkələri var ki, dəniz suyunun duzsuzlaşdırılması istiqamətində işlər görülür. Ölkəmizdə də bu istiqamətdə tədbirlər var. Ancaq əhali sayı ilə yanaşı, suya ola tələbat artır. İnsanların tələbatı əvvəlki dövrlərə nisbətən daha çoxdur”.

O bildirib ki, nəinki insanların su ilə təmin edilməsi, kənd təsərrüfatı bitkilərinin suvarılması zamanı sudan səmərəli istifadə etmək lazımdır: 

“Azərbaycanda mentalitet, psixologiyada da var ki, enerjiyə, suya da qarşı belə münasibət bəsləyirik. Ancaq mən xaricdə olarkən görürdüm ki, binaların əksəriyyətində axşam saatlarında işıqlar yanmır. Onlar maksimum dərəcədə sudan, enerjidən qənaətlə istifadə edirlər. Bu gün açıq qoyduğumuz krant sabah neçə-neçə insanın susuz qalması deməkdir”. 

Cebhe.info