Bu durum qapılar ağzında uzun növbələr yaradır, vətəndaşların narazılığına səbəb olur. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlmasında bildirib ki, qapıların məhz bu qaydada açıq olmasının səbəbi platforma səviyyəsini yüklənməkdən qorumaqdır:
"Günün saatlarından asılı olaraq müxtəlif stansiyalarda bu cür olur. Burada sərnişinlərə zülm etmək niyyətimiz yoxdur. Sadəcə olaraq, bütün qapılar açılsa, platforma səviyyəsində idarəolunmaz vəziyyət yarana bilər. Sərnişin sıxlığı var, bunu etiraf edirik. Metropolitendə qatarların çatışmazlığı, intervalı ilə bağlı isə problem yoxdur, intervalların tənzimlənməsi mövcud texniki imkanların ən son həddində təmin olunur. Bundan əlavə olaraq, hər bir stansiyanın platformasının öz ölçüləri, infrastrukturu var və artıq ona da dəyişiklik edilə bilməz”.
O bildirib ki, bu platformalar 5 vaqonluq qatarları qəbul etmək üçündür:
“Bu cəhətdən ona 6, 7, 8-ci qatarın qoşulması texniki cəhətdən də mümkün deyil. Buna görə də məsələdə həll yolu digər tənzimləmə mexanizmlərinə yönləndirilir. Onlardan biri və birincisi isə platforma səviyyəsində sərnişin sıxlığının ifrat həddə çatmasına yol verilməməsidir. Qapıların məhz bu qaydada açıq olmasının səbəbi platforma səviyyəsini yükləməkdən qorumaqdır. Platforma səviyyəsində hər hansı bir hadisə baş verərsə, onun fəsadları daha ağır ola bilər”.
B.Məmmədov bildirib ki, fevral ayının ortalarından yenidən sıxılıq var:
“Çünki Metropolitendə sərnişin kontingentinin əhəmiyyətli hissəsini məhz ali və orta ixtisas tədris müəssisələrimizin kollektivlərinin üzvləri təşkil edir".