​Ermənistan razılaşmaya əməl etmir: Atəşkəs niyə pozulur? - AÇIQLAMA

​Ermənistan razılaşmaya əməl etmir: Atəşkəs niyə pozulur? -
14:56 05.07.2022
304 Siyasət
A- A+

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı hələ də pozmaqda davam edir. Vaxtaşırı bölgələrimiz atəşə tutulur. Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Məsələ ilə bağlı "Sülh.info.az"-a danışan politoloq Məhəmməd Əsədullazadə prosesi şərh edib. Bildirib ki, Ermənistan xüsusilə Kəlbəcər istiqamətində atəşkəsi pozaraq orada müəyyən strateji yüksəkliklərin nəzarətini əldə etməyə çalışır:

“Ümumiyyətlə bu kimi təxribatlar Brüssel vasitəsilə keçirilən danışıqları müəyyən dərəcədə fiaskoya uğratmaqdan ibarətdir. Ermənistan bununla müəyyən dərəcədə üstünlük qazanmağa çalışır. Lakin göründüyü kimi hər hansı üstünlüyə nail ola bilmir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan ümumiyyətlə danışıqlarda səmimi görsənmək istəmir. Atəşkəsi pozmaqla geosiyasi şərtlər daxilində öz maraqlarına uyğun qərbin dəstəyini almağa çalışır:

“Azərbaycanı təxribata çəkib, ölkəmizə qarşı siyasi təzyiq formalaşdırmağa çalışır. Buna nail ola bilməyəcəklər. Ermənistan ay ərzində təxminən 10-15 dəfə atəşkəsi pozub. Halbuki post-münaqişə dövründə bunlar yaşanmamalıdır”.

Politoloq həmçinin Ermənistanın bu addımları atmaqla müəyyən dərəcədə Azərbaycanı müharibəyə sövq etməyə çalışdığını, strateji yüksəklikləri ələ keçirərək delimitasiya və demarkasiya prosesinə öz əməllərini diqtə etməyə çalışdığını da diqqətə çatdırıb.