​Consonun gedişi nəyi dəyişəcək? - Payız aylarında ehtimal var ki... - AÇIQLAMA

​Consonun gedişi nəyi dəyişəcək? - Payız aylarında ehtimal var ki...
16:36 08.07.2022
461 Ölkə
A- A+

"Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm".

Ukrayna Rusiya müharibəsindən sonra müxtəlif xalqlar arasında xüsusi rəğbət qazanan Böyük Britaniyanın Baş naziri Boris Conson, bu barədə xalqa müraciəti zamanı bildirib. O istefa verdiyini açıqlayıb.

Bu barədə Sülh.info.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Britaniya baş naziri Boris Consonun istefa etmə məsələsi siyasi gündəmdə əks effekt yaradacaq:

“Boris Conson çox gərgin bir vəziyyətdə Britaniyada baş nazir olmuşdu. Terezza Meyin baş nazirlikdən getməyindən sonra İngiltərəyə yenicə brexit qərarı verərək Avropa İttifaqını tərk etmişdi. Covid 19 pandemiyasının Avropada yeni vüsət aldığı bir dövrdə o iqtidar rəhbərliyinə gəlmişdi. Eyni zamanda, onun baş nazirliyi dövründə Rusiya-Ukrayna müharibəsi başladı. Boris Conson və İngiltərə Rusiya-Ukrayna müharibəsində digər Avropa İttifaqı ölkələrindən və Qərb mərkəzlərindən fərqli olaraq ciddi şəkildə Ukraynaya dəstək verərək Rusiyaya qarşı çox sərt mövqedə dayanma xəttini tutdu. Hesab edirəm ki, keşməkeşli dövrdə hakimiyyət komandasına gələn Conson ölkə daxilindəki müəyyən problemlərin qarşısını almaqda çətinlik çəkə bilərdi. Özəlliklə postpandemiya dövrünün iqtisadi çətinlikləri İngiltərə əhalisi arasında müəyyən təlatümlərə, eyni zamanda, istehsalat sahəsində problemlərə səbəb olurdu”.

Tural İsmayılovun sözlərinə görə, Boris Consonun istefa verməyindən sonra hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq rəsmi mövqe Rusiyaya qarşı kifayət qədər sərt olmaqda davam edəcək:

“Ümumilikdə Avropa İttifaqı ölkələrindən fərqli olaraq İngiltərə siyasi elitası Rusiya-Ukrayna savaşında tam bir mənalı xətlə siyasi kurs həyata keçirir. Böyük Britaniya siyasi sisteminin aldığı qərara söykənir ki, bu da tarixi anqlosaksların siyasi təfəkkürünün davamı hesab edilir. Bu baxımdan hesab edirəm ki, Boris Consondan istefasından sonra böyük dəyişikliklər baş verməyəcək. Hətta İngiltərənin yaxın gələcəkdə Avropa İttifaqına rəqib olan və keçmiş Baltikyanı ölkələri özündə cəmləşdirən ikinci Avropa İttifaqına bənzər model yaratmaq cəhdlərinin davam edəcəyini və bununla bağlı real praktiki addımların atılacağını güman edirəm”.

İngiltərə-Azərbaycan arasındakı münasibətlərə də diqqət çəkən politoloq, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıqların davam edəcəyini qeyd edib. Onun sözlərinə görə, payız aylarında ehtimal var ki, Conson yenidən seçkilərə qatılsın və növbəti dəfə qələbə qazansın.