Covid-19 pandemiyası, mübaribələr və ərzaq qıtlığı elanı… Demək olar ki, hər keçən gün müəyyən məhsulların bahalaşması ilə əlaqədar məlumatlar paylaşılır. Bir müddət öncə BMT-nin baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edərək deyib ki, 2022-ci ildə çoxsaylı aclıqlar elan olunacaq və 2023-cü ildə vəziyyət daha da pisləşəcək. “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”- deyərək, nitqini tamamlayıb. Bəs bu yaşanan hadisələr bizim iqtisadiyyatımıza nə qədər təsir edib?
Mövzuyla bağlı Sülh.info.az-a Turab Rzayev müsahibə verib.
- Hazırda ölkə iqtisadiyyatımızın vəziyyəti necədir?
Həm dünya iqtisadiyyatında durğunluq, həm də pandemiyanın dünya iqtisadiyyatında yaratdığı durğunluq Azərbaycan iqtisadiyyatınada təsir edib. Hazırki vəziyyətdə iqtisadiyyatımızı qənaətbəxş hesab etmək olmaz. Lakin dünya bazarında neftin qiymətinin qalxması Azərbaycanda gəlirlərin artmasına səbəb oldu. Bizim iqtisadiyyatımız bundan faydalanır.
- Bu o deməkdir ki, neftin qiyməti düşərsə Azərbaycan iqtisadiyyatında vəziyyət ürəkaçan mənzərə olmayacaq?
Neftin qiyməti azalarsa iqtisadiyyatımıza çox ciddi zərbə olacaq. Büdcənin əsas hissəsi enerji daşıyıcıları üzərindən formalaşır. Neftin və təbii qazın birlikdə qiymətinin enməsi manatın məzənnəsi üzərində təzyiqi artıracaq. Ümumi gəlirlər azalacaq, Azərbaycan büdcəsinin xərcləmələri artaracaq.
- Hazırda Ukrayna-Rusiya müharibəsinə görə dünyada ərzaq tədarükündə sıxıntılar yaşanır. Azərbaycanda bu müharibə hansı sahəyə daha çox təsir göstərdi?
Əlbəttə ki, taxıl sahəsinə. Azərbaycan əsasən taxılı Ukraynadan və Rusiyadan idxal edirdi. Rusiyada hazırda tədavüldə problemlər var və ixraca qadağa qoyulub. Ukraynadan da taxıl çıxarıla bilmir. Həmçinin Çin və Hindistanda taxıl ixracı dayandırılıb. Həmçinin qarabaşaq, arpa və bitki yağında da ciddi problemlər var. Bu müharibə nəinki qida məhsullarında hətta taxta kimi tikinti materiallarının qiymətlərində də xeyli artım oldu. Ukrayna- Rusiyan müharibəsinin başlaması ilə ciddi bahalaşmanın şahidi olduq.
- İqtisadiyyatı gücləndirmək üçün hansı addımlar atmalıdır?
Geyim, kənd təsərrüfatı, meyvə-tərəvəz, süd məhsullarının, günəbaxan və digər məhsullarda yerli istehsalı artırmaq lazımdır. İkinci tərəfdən idxalı artırmaq üçün alternativ ölkələr tapa bilərik. Türkiyə, Çin və İsrail ölkələri kimi torpaq sahələri götürə bilərik. Lazım olan taxılı, günəbaxanı əldə edib ölkəmizə idxal edə bilərik. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı müxtəlif fondlar yaradılıb. Həmin fondlar effektiv işləməlidir. Hər birində bir illik ehtiyat toplanmalıdır. Bu zaman hansısa ərzağın idxalında problem yaransa belə qiymət stabil olacaq.