​Pakistan vətəndaşları Azərbaycanda 273 şirkət açıb - SƏBƏBLƏR

​Pakistan vətəndaşları Azərbaycanda 273 şirkət açıb -
16:17 11.07.2022
A- A+

2 ay ərzində Azərbaycanda Pakistan vətəndaşlarının rəhbərlik etdiyi 273 şirkət dövlət qeydiyyatına alınıb. Açılan şirkətlərin əksəriyyətinin nizamnamə kapitalı 10 manat olub. Şirkətlərdən yalnız birinin nizamnamə kapitalı 50 000 manat təşkil edib. Digər şirkətlərin nizamnamə kapitalı isə daha aşağı olub. 273 şirkət arasında nizamnamə kapitalı 20 manatdan yüksək olan cəmi 16 şirkət qeydiyyata alınıb.

Məsələylə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli “Sülh.info.az”-a açıqlama verib. O, son 10 ilin statistikasına əsasən Azərbaycanda fəaliyyət göstərməyə başlayan xarici şirkətlərin sayının böyük bir hissəsinin Türkiyə və Pakistan şirkətləri olduğunu qeyd edib:

“Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı 2.5 mindən çoxdur. Son 2 ayda şirkətlərin sayının artması Azərbaycanla Pakistan arasında siyasi, ticarət və iqtisadi əlaqələrinin yüksək səviyyəyə çatmasıdır. Pakistan şirkətləri üçün yaradılan investisiya şəraiti eyni zamanda rəqabət mühiti, müəyyən vergi və gömrük rüsumlarında güzəştlər, xarici şirkət olaraq fəaliyyətin təmini və başqa şərtlər Pakistan şirkətlərinin Azərbaycana gəlişini sürətləndirir”.

İqtisadçının sözlərinə görə, burada bu investisiyaların çoxu daxili olaraq istehsal və qeyri-neft sektorunun inkişafına yönəldilməlidir:

“Xüsusilə Qarabağda müəyyən quruculuq işlərinin müəyyən investisiya fəaliyyətlərinin təmin edilməsində Pakistan şirkətlərinin rolunu artırmaq lazımdır. Amma bunun digər tərəfi də var. Bu şirkətlərin hamısının fəaliyyəti vaxtaşırı yoxlanılmalıdır. Çünki onların bir çoxunun nizamnamə kapitalı olduqca aşağıdır. Böyük əksəriyyəti 10-20 manatlıq nizamnamə kapitalı ilə tənzimlənib. Böyük istehsal şirkətlərinin bu məbləğlə nizamnamə kapitalı qurması ideal görsənmir”.

Elmir Səfərli bu şirkətlərin fəaliyyətini Azərbaycan qanunvericiliyinə uyğun təmin edərək müəyyən çərçivəyə salmağın vacib olduğunu da vurğulayıb.