Azərbaycanda Aİ-95 markalı benzinin qiymətinin qalxacağı gözlənilir. Son dövrlər dünya bazarında neftin qiymətinin artması idxal inflyasiyasını gücləndirib. Bu da qiymətlərin artacağına dair məsələləri gündəmə gətirib.
İqtisadçı Xalid Kərimli "Nezarettv.Az"a açıqlamasında bildirib ki, "Aİ-95" markalı benzin ölkəmizə idxal olunduğu üçün onun qiyməti dünya bazarında baş verən proseslərə əsasən tənzimlənir:
“Hazırda neft qaz qiymətləri, enerji qiymətləri, pandemiya, Ukrayna- Rusiya müharibəsi səbəbindən özünün ən yüksək səviyyəsində bərqərar olub. Pandemiyadan sonra tələb və təklif arasında disbalansın yaranıb. Həmçinin Rusiyaya tətbiq edilən sanksiyalar neftin qiymətini uzun müddət yüksək səviyyədə saxlıyacaq. İlin son 6 ayının statistikasına görə, neftin 1 barelinin qiyməti 105 dolların üzərində olub ki, bu son on illikdə ən yüksək qiymət səviyyəsidir. Neftin qiymətinin baha olması neftdən hazırlanan bütün məhsulların maya dəyərini bahalaşdırır. Hazırda dünyada yanacaq qiymətlərin bahalaşması müşahidə olunur”.
İqtisadçı ölkəmizin uzun müddətdir ki, Aİ-95 və Aİ-98 markalı benzinləri xaricdən idxal etdiyini qeyd edib:
“Yerli neftayırma zavodu uzun müddətdir ki, konstrukdiya və yenidən bərpa işləri zəminində yeni istismara hazırlandığına görə, bu markalı benzinlər xaricdən idxal olunur. Təbii ki, dünya bazarında baş verən tendensiyalar yanacağın qiymətinə təsirsiz ötüşmür. Yanacaq daha baha qiymətə alınır. Uzun müddətdir ki, hökumət, büdcə resurslarından və təchizatçı şirkətlərin mənfəətinin azalması ziyanın artması hesabına əhaliyə hiss etdirməməyə çalışırdı. Ümumilikdə bir məhsulu baha alıb, istehlakçılara ucuz satmaq bu həmin məhsulun qiymətinin subsidiyalaşdırılmasıdır. Bu iqtisadi baxımdan səmərəsizdir”.
Aİ-95 və Aİ-98 markalı benzinlər əsasən şəxsi avtomibillərdə istifadə olunduğu üçün baha qiymətə alıb ucuz qiymətə satmaq, nə iqtisadi cəhətdən əsaslıdır, nə də təchizatçı şirkətin maraqlarına cavab verir, nə də vətəndaşın- deyə, o qeyd edib.