Kişi arvadının başını kəsərək öldürüb. Bu hadisə dünən Tovuzda baş verib. Tez-tez qadınlara qarşı bu cür qətllərin baş veridyinin şahidi oluruq. Bəs ailələrdə bu cür qətlləri ortaya çıxmasına səbəb nədir?
Psixoloq Aida Sübhan Sülh.info.az-a açıqlamasında bildirib ki, son vaxtlar, sosial şəbəkələrdə yayımlanan aqressiya nümunələri, qidalanmanın və yuxu sisteminin düz olmaması bu halların yaranmasına səbəb olur:
“Aqressiv elementlər insanlarda çoxalıb. Elə buna görə də, insanlarda bir-birinə qarşı neqativ davranma, mənfiyə yönəlmə, öldürməyə cəhd və intihara cəhd hallarına tez-tez rast gələ bilirik. Cəmiyyətdə bunun qarşısını almaq üçün çox ciddi addımlar atmaq lazımdır. Biz konflikti olan ailələrə qarşı diqqət yetirməliyik. Diqqət yetirilmədiyi halda o ailələrdə münasibətlər aqresiyaya doğru gedir. Ağır konflikt situasiyaları da ölümlə və ciddi travmalarla nəticələnə bilər. Bunun qarşısını almaq üçün nəinki fərdi şəkildə, ailələrlə birlikdə ciddi şəkildə tədbirlər görülməlidir”.
Sosioloq Lalə Mehralı təkcə qətli törədən qatili yox, şişirdilmiş başlıqlardan istifadə edən, bu tip xəbərləri insanların gözündə adiləşdirən media nümayəndələrini də günahlandırıb:
“Qatil onsuzda qatildir. Müdafiə olunacaq bir tərəfi yoxdur. Səbəbi hər nə olursa olsun bir insanın canına qıymaq yolverilmədir. Əgər münasibətdə hər hansısa problemlər varsa, sadəcə yollarınızı ayırın. Bir insanı qətl etməklə problemi həll edəcəyinə inanmaq yanlızca cahil bir beynin məhsulu ola bilər. Media nümayəndələri reytinq xatirinə qətlin bütün detallarını paylaşırlar və bu insanlar üçün adiləşir. O insanı necə öldürüb, izini necə itirmək istəyib, hansı yollardan istifadə edib,əslində bu kimi xəbərlərlə cəmiyyətə qətli törətməyin yollar aşılanır. Bunun qarşısını vaxtında almaq lazımdır. Çox böyük işlər görülməlidi ki, həll yolu tapılsın. İnanmıram dövlət qurumları bunun öhdəsindən gələ bilsin. Çox təəssüf ki, bizim gənc nəslimizi olduqca çətin və təhlükəli bir cəmiyyətdə yaşamaq gözləyir” - deyə, o qeyd edib.