Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi testi təhvil verib. Səhiyyə Nazirliyindən verilən məlumata görə hələ ki, testlərin heç birindən istifadə olunmayıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sülh.info.az-a açıqlamasında bildirib ki, istənilən səpkisi olan şəxsin test olunması məqsədəuyğundur:
“Suçiçəyi ilə meymunçiçəyini differensasiya etmək üçün vacibdir. Rəsmi məlumata görə, meymunçiçəyinin olmadığı deyilir. Ola bilər ki, registrasiya olunan variantı yoxdur, amma reallıqda ola bilsin ki, var. Düşünürəm ki, hava yolu ilə gələn vətəndaşların hər biri keçid zonalarında test olunmalıdır. Adi qızdırması olan şəxsə belə test edilməlidir. İlkin halda hansısa şübhəli hal varsa, karantinə alınmalıdır”.
Adil Qeybullanın sözlərinə görə, bu xəstəlik daha çox gənclər arasında yayılır:
“Xəstəliyin hazırda dünyada bu cür yayılması narahatlıq doğurur. Bizim qonşu ölkələrə qədər gəlib çıxıb. Qlobal bir pandemiya yaratması gözlənilmir. Çünki hava damcı yolu ilə yox, kontaktla yayılır. Bunun lokallaşdırılması imkanları daha çoxdur. Müəyyən tədbirlər də görülməlidir. İlk növbədə kontaktlar azaldılmalı, xəstələr izolasiya olunmalıdır. İlk olaraq meymunçiçəyi baş, bədən və əzələ ağrıları ilə özünü hiss etdirir. Dəridə səpkilər əmələ gəlir. Dərinin üzərində müəyyən qızarmış düyünlər şəklində səpkilər olur və ya bulanıq şəkildə səpkilərin içində maye olur. Son zamanlar deyilir ki, xəstəliyə genital nahiyədə çox rast gəlinir”.