Keçmiş səfirin başgicəllənmədən əziyyət çəkdiyi bildirilir
Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsində vəziyyətinin son günlər kəskin pisləşdiyi, başgicəllənmə nəticəsində dəfələrlə yıxıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun vəkili Cavad Cavadov məlumat verərək bildirib ki, xüsusən aprelin 26-dan sonra durumu ağırlaşıb.
“26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verir. Son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicəllənmə) nəticəsində yıxılmalarınn sayı yenidən intensivləşib. Bundan əlavə, hipertoniya, şəkərli diabet, boyun-bel nahiyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdı. Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür. Gecələr dəfələrlə krtitik durum yaranıb, amma cəzaçəkmə müəssisəsinə təcili yardım maşını çağırmaq mümkün olmayıb”, – vəkil bildirib.
Cavad Cavadovun sözlərinə görə, sabiq səfirin ailə üzvləri özəl klinikalardan biri ilə müqavilə bağlamaq istəyir ki, kritik durum yarananda təcili yardım çağırmaq mümkün olsun. Buna icazə almaqdan ötrü Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunsa da, cavab ala bilmirlər:
“Bundan başqa, iki aydan artıqdır həkim-nevropatoloqun buraxılması üçün də müraciət etmişik, ona da cavab verilmir, təmin olunmur. Təkidli müraciətlərimizdən sonra iyunun 24-də professor Adil Qeybulla onun yanına müayinə üçün buraxıldı. Bu, ilkin tanışlıq xarakteri daşıyırdı. Adil Qeybulla tibb sənədlərilə tanış olub. Onun yenidən müayinə aparması, tibbi tövsiyələr verməsi üçün yenidən görüşməsinə ehtiyac var. Lakin mümkün olmayıb”.
Vəkil vurğulayıb ki, müəssisənin həkimi gündəlik çox az müüddətdə işdə olur. Bu səbəbdən də Eldar Həsənovun durumunda kritik hallar yarananda tibbi müdaxilə olmur, çarəsiz durum yaranır.
Müdafiəçi yada salıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci ildə Eldar Həsənovla bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarını qəbul edib. Həmin qərara əsasən hökumət onu zəruri və adekvat tibbi müalicə ilə təmin etməlidir. Bundan başqa, 19 yanvar 2022-ci ildən başlayaraq, onun sağlamlıq vəziyyəti, göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə Avropa Məhkəməsinə məlumat verməlidir.
Vəkil Prezident İlham Əliyev və ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, Eldar Həsənovun sağlıq durumuyla bağlı məsələlərin qanuna uyğun şəkildə həlli üçün göstəriş verilməsini istəyib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Meydan TV-yə bildirilib ki, məhkumların müayinə və müalicəsilə bağlı məsələlər Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətində olan məsələdir.