Adil Bayramov, Elvin Cəfərov, Əlisahib Məmmədov, Vüsal Musayev və digərləri. Sadaladığımız şəxslərin hər biri Vətən müharibəsində canlarından bir parçanı o torpaqlara qurban verib, “qazi” adını alaraq evlərinə qayıdıblar. Bu gün evlərində yoxdular. Qələbəni bizə qazandıran bu şəxslərin 30-dan çoxu intihar edib.
Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, müharibə veteranı Rey Kərimoğlu Sülh.info.az-a bu mövzu ilə bağlı müsahibə verib:
- Müharibə iştirakçılarının intihar cəhdlərinin səbəbi nədir?
Birinci səbəb müharibə faktorudur. Düşünürəm ki, intihar hər bir fərdin psixoloji anıdır. Bu insanların hər biri od-alov, çətinlik, insan faciəsini görüb. Yəni, müharibə kino deyil, bu tamamilə başqa bir səhnədir.
- Düşünürsünüz ki, intihar etmələri sadəcə onların psixoloji durumları ilə bağlıdır?
Həm o, həm də ki, Azərbaycanda icra strukturlarının idarəetməsində çox ciddi qüsurlar var. Rayon icra hakimiyyətlərindən başlayarq nazirliklərə qədər. Bu insanlarla xüsusi işləməlidirlər. Bu hər kəsin borcudur. Münasibətlər düzgün qurulmur. Bəzən bir müharibə iştirakçısına hər şey edirlər, başqa müharibə iştirakçısı isə diqqətdən kənar qalır. Yəni, hüquqlarını səsli qaydada tələb edən müharibə iştirakçılarına nə isə verirlər. Sakit dayanana, heç nə yoxdur. Özlərinə qapananlar zaman-zaman intihar edirlər.
- Münasibətləri tənzimləmək üçün nə edilməlidir?
Müharibə iştirakçıları ilə münasibətləri tənzimləyən vahid qanunvericilik aktı yoxdur. Bu münasibətləri nizamlayacaq vahid bir hökumət qurumu olmalıdır. Azərbaycanda şəhid ailələrinin qanunvericlik aktı ayrıdır, Veteranlar haqqında qanun var, qazilər haqqında isə qanunvericilik aktı yoxdur. Onlarla münasibətlər əlillər haqqındakı qanunvericiliklə qurulur. Bir də ayrı-ayrılıqda prezidentin fərman və sərəncamları var.
- Birinci Qarabağ müharibəsindən sonra bu kimi hallar yaşanırdı?
Birinci Qarabağ müharibəsindən sonra dövlətin müharibə iştirakçılarına kömək etməyə o qədər də imkanı olmayıb, intiharlar da indikindən az olub. O zamanlar 8 ilə 34 müharibə iştirakçılsı intihar etmişdi, bu gün isə son iki ildə 36 müharibə iştirakçısı intihar edib. Halbuki hazırda 15 min müharibə iştirakçısına əvəzsiz olaraq ev verilib. Bu gün qazilərə 250 dollaradək pensiya verilir. Həmçinin təminatlar da var. Psixoloji məqamlar və idaretmə məsələləri həll edilmədiyindən intihar halları azalmır.