​Putin Ukraynanı işğal etdikdən sonra keçmiş Sovet İttifaqından kənara ilk səfəri olaraq İrana gəlib - Üçtərəfli görüş nə vəd edir

​Putin Ukraynanı işğal etdikdən sonra keçmiş Sovet İttifaqından kənara ilk səfəri olaraq İrana gəlib
03:52 20.07.2022
480 Siyasət
A- A+

 Rusiya prezidenti Vladimir Putin Qərblə əlaqələrini faktiki olaraq pozan Ukraynaya müdaxiləsindən sonra keçmiş Sovet İttifaqının hüdudlarından kənara ilk beynəlxalq səfəri üçün çərşənbə axşamı İrana gəlib.

Rusiya prezidenti Tehranda İran prezidenti İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

O, çərşənbə axşamı İranın ali dini lideri Ayətullah Xamneyi ilə də görüş keçirib.

"Qonaqpərvər İran torpağında olmaqdan çox məmnunam. Biz ticarət artımı baxımından rekord rəqəmlərlə öyünə bilərik", - deyə Putin Rəisi ilə ikitərəfli görüşdə bildirib.

Biz həmçinin, “Beynəlxalq təhlükəsizlik məsələlərində də əməkdaşlığımızı gücləndiririk, Suriya münaqişəsinin həllinə mühüm töhfə veririk”, - deyə qeyd edib.

Rəisi, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa "əhəmiyyətli öhdəliyi" yüksək qiymətləndirərək, iki ölkənin terrorizmlə mübarizədə "yaxşı təcrübəyə" malik olduğunu ifadə edib.

İranın neft nazirliyinin xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı İranın milli neft şirkəti Rusiyanın dövlət qaz şirkəti olan "Qazprom" ilə 40 milyard dollarlıq müqavilə imzalayıb. Müqaviləyə İranın qaz yataqlarının işlənməsi və yeni qaz ixrac boru kəmərlərinin tikintisi daxildir.

İranın ali dini lideri Xamneyi də öz növbəsində Rusiya və İran arasında qarşılıqlı əməkdaşlığı “son dərəcə faydalı” adlandırıb.

"Dünyada baş verən hadisələr İran və Rusiyanın qarşılıqlı əməkdaşlığın artırılmasına ehtiyac olduğunu göstərir", - deyə o, bildirib.

Rusiyanın Ukraynadakı müharibəsinə toxunan Xamneyi həmçinin bildirib ki, qərb təhlükəsizlik alyansı NATO-nun genişləndirilməsini “dayandırılmalıdır”.

"NATO təhlükəli qurumdur. Qərb güclü, müstəqil Rusiyanın tam əleyhinədir. Əgər NATO-ya yol açılsa, o, heç bir məhdudiyyət tanımayacaq və Ukraynadakı prosses dayandırılmasaydı, sonradan Krımda da analoji müharibə əməliyyatları başlayacaqdı”, - deyə, Xamneyi qeyd edib.

Putin qoşunlarının Luqansk bölgəsini ələ keçirməsindən sonra Ukraynanın şərqində quru hücumlarını artırmağa hazırlaşarkən, Rusiyanın İranla münasibətlərini önə çəkməklə Qərb rəsmilərini xəbərdar edir.

Ruslar keçən ay ən azı iki dəfə İrana səfər edərək silah daşıya bilən dronları yoxlayıblar.

ABŞ xüsusi kəşfiyyatı bildirir ki, İranın Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya “yüzlərlə” pilotsuz uçan aparat, o cümlədən silah tuta bilən pilotsuz təyyarələr verməsi gözlənilir.

Ağ Ev rəsmilərinin verdiyi məlumata görə, iyulun sonlarında İran Rusiya qüvvələrinə həmin dronları necə idarə etmək barədə təlimə başlamağa hazırlaşır. 

Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ötən günlərdə CNN-ə müsahibəsində deyib ki, “Rusiyanın kömək üçün İrana müraciət etməsi hər iki xalqın dünyanın müxtəlif bölgələrindəki fəaliyyətlərinə görə beynəlxalq ictimaiyyət tərəfindən nə dərəcədə təcrid olunduğunu göstərir”.

Tehran görüşü həm də ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın daxil olduğu İran nüvə sazişini canlandırmaq üçün aparılan danışıqlar fonunda keçirilir.

ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malley bazar ertəsi CNN-ə deyib ki, 2015-ci il sazişinin bərpası ehtimalı “gündən-günə azalır”.

Putin həmçinin, İrana üçtərəfli görüş üçün səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana vasitəçi olduğuna görə təşəkkür edib.

Putin və Ərdoğan arasında müzakirə mövzuları arasında Ukraynadan taxıl ixracı məsələsi də yer alıb. 

Qeyd edək ki, Ukrayna hökuməti Rusiyanı 20 milyon tondan çox taxılın daşınmasına mane olmaqda ittiham edib.

Putin Ərdoğana iki xalq arasında olan vasitəçilik səylərinə görə də təşəkkür edib. “Sizin vasitəçiliyinizlə biz müəyyən qədər irəlilədik. “Bununla belə, bir çox məsələlər hələ ki, həll olunmayıb”, - deyə o, qeyd edib.

Ərdoğan isə iki xalq arasında (Rusiya-Ukrayna) diplomatik danışıqların davam etdiyini vurğulayıb.

“Bizim bunu edə bilməyimiz böyük üstünlükdür” deyən Ərdoğan, Türkiyənin vasitəçi rolu kontekstində “Rusiyanın yanaşmasının müsbət olacağına əmin olduğunu” ifadə edib.

Putinin İrana səfəri NATO üzvü olan Türkiyə lideri Ərdoğanın iyun ayında onların təklifinə yaşıl işıq yandırmağa şərti razılıq verdikdən sonra, İsveç və Finlandiyanın alyansa qoşulmasına mane olmaq hədəsini təkrarlamasından sonra baş verib.

"Bir daha xatırlatmaq istəyirəm ki, şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, prosesi donduracağıq", - deyə Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib.

O, keçən ay NATO-nun sammitində Putinə zərbə vuran böyük diplomatik irəliləyiş olacaq genişlənməyə qarşı çıxmışdı.

Görüşdə maraqlı məqamlardan biri, İranın ali dini lideri Ayətullah Xamneyinin Ərdoğanı Suriyadakı hərbi kampaniyadan çəkindirməyə çağırması oldu.

İRNA - Dövlət xəbər agentliyinin məlumatına görə, sammitdən əvvəl Xamneyi Ərdoğana Suriyanın şimalında hərbi əməliyyata başlamaması ilə bağlı, “Suriyanın şimalına hərbi hücum Türkiyənin zərərinə, terrorçuların isə xeyrinə olacaq” - deyə xəbərdarlıq edib. 

Qeyd edək ki, Ərdoğan Suriyanı Türkiyənin terror təşkilatı hesab etdiyi YPG-yə mənsub kürd döyüşçülərini geri çəkmək üçün yeni hərbi hücuma başlayacağı ilə hədələmişdi.

"Bu addım Suriyaya, Türkiyəyə və regiona mütləq zərər verəcək və suriyalılar tərəfindən gözlənilən siyasi hərəkəti yatırmayacaq", - deyə Xamneyi çağırışında qeyd edib.

“Suriya məsələsi danışıqlar yolu ilə həll olunmalıdır. İran, Türkiyə, Suriya və Rusiya bu məsələ ilə bağlı müzakirələr aparacaq”, - deyə o, əlavə edib.

İbrahim Rəisi isə öz növbəsində xarici qüvvələrin Suriyanı tərk etməsinə çağırıb və qeyri-sabitlik səbəbini “ABŞ-ın işğalçı qüvvələrinin” üzərinə atıb.

“Biz inanırıq ki, digər ölkələrin müdaxiləsi olmadan öz daxili işləri ilə bağlı qərar verən yalnız Suriya xalqıdır", - deyə o Suriya məsələsinə münasibət bildirib.

Suriya münaqişəsinin yeganə mümkün həllinin siyasi olduğunu deyən Rəisi, hərbi əməliyyatların regionda təhlükəsizlik vəziyyətini daha da pisləşdirəcəyini qeyd edib.

Ərdoğan öz növbəsində, görüşdən məmnun olduğunu qeyd edərək, “Biz Suriyada milli təhlükəsizliyimizi təhdid edən təhlükəli təşkilatları məhv etmək qərarındayıq. “Astana” prosesinin qarantı kimi Rusiya və İranın Türkiyəyə dəstək ifadə edəcəklərini gözləyirik”, - deyə bildirib.