“Ümumiyyətlə çimərliyə gedərkən ilk növbədə hava şəraiti nəzərə alınmalıdır. Əlverişsiz havada, yəni, küləkli havada, dəniz dalğalı olduğu vaxtda, küləyin sürəti saniyədə 12 metrdən çox olarsa, qızmar günəş altında, yəni saat 11:00-dan 16:00-a qədər olan vaxtda çimərliyə getmək məsləhət görülmür. Çimərliyə gedərkən spirtli içki qəbul edib, suya girmək olmaz. Bütün bunlara diqqət etmək lazımdır”.
Bu sözləri Sülh.info.az saytına açıqlamasında Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. O həmçinin qeyd edib:
“Növbəti bir məqam isə çimərlik seçərkən diqqətli olmaq lazımdır. Yəni hansı çimərliklər ki, qadağan olunmuş çimərliklərdir, həmin çimərliklərə getməmək lazımdır. Fəaliyyətinə icazə verilən çimərliklər var ki, orada xilasedicilər, həkim briqadası olur. Bu cür çimərliklərə getmək məqsədəuyğundur. Çünki xilasedcilər olan çimərliklərdə həm suyun fiziki, kimyəvi xassələri, həm baktereoloji, toksikoloji faktorlar yoxlanılır. Bundan əlavə mövsüm başlamazdan əvvəl suyun altına baxış keçirilir. Suyun relyefi, daş, qaya parçaları, sualtı axınlar, yarğanlar yoxlanılır. Bundan sonra həmin çimərliyin fəaliyyətinə icazə verilir ki, bu çimərliklərdə çimmək insanların həyatı üçün təhlükəli olmasın. Ancaq hansı çimərliklər ki, yoxlanılıb, amma, standartlara cavab verməyib, həmin yerlərə getmək olmaz. Çünki, burada çimmək isanların həyat və sağlamlığı üçün təhlükəlidir. Ona görə mütləq fəaliyyətinə qadağa qoyulan çimərliklərə getməmək lazımdır. Çimərliyə gedən, istirahət edən şəxslər bunları nəzərə alsalar, əlbəttə ki, bu cür bədbəxt hadisə riskləri minimum olar.
Ekspert qeyd edib ki, çimərlikdə uşaqları nəzarətsiz qoymaq, saatlarla suda qalmaq, bunlar yolverilməzdir. Belə hallar artıq bədbəxt hadisələri qaçılmaz edir:
“Növbəti məsələ isə xəbərdaredici, məlumatlandırıcı lövhələrin tələblərinə riayət etməkdir. Çimərliklərdə olan nişanlar 175 sm ara ilə qoyulur. Nişanların tələbinə mütləq şəkildə ciddi riyaət etmək lazımdır. Yəni ondan o tərəfə üzmək olmaz. Amma insanlar uzağa, dərinə üzürlər, dənizi yarış meydançasına çevirirlər, bəhsə girirlər ki, kim daha uzaq məsafəyə üzə bilər. Qaya parçalarının, dəmir konstruksiyaların üzərinə çıxaraq, oradan suya atılırlar. Bütün bunlar yol verilməzdir. Çimərlikdə bu kimi hallar boğulma və ya digər buna bənzər bədbəxt hadisə risklərini artıran amillərdəndir.
Ən əsas məqamlardan biri də budur ki, çimərliyə gedərkən planlı şəkildə getmək lazımdır. Məsələn “sabah çimərliyə gedəcəyik, hansı çimərliyə gedəcəyik, hava şəraitini necə olacaq?”Bütün bunlara diqqət etmək lazımdır. Əgər bir dənizdə bir-neçə dəfə boğulma halı müşahidə olunubsa, həmin çimərlik seçimlər arasından çıxarılmalıdır. Çimərliyə getmək planlı şəkildə olarsa bu cür hadisələrlə üzləşmək riski də az olar”.
Xanım Cavanşirqızı / Nezarettv.Az