Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsinin 3-cü sahə adlanan ərazisində vətəndaş müraciətləri əsasında bir sıra tədbirlərin icrasına başlayıb.
Bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, əvvəlcə qeyd olunan yol sahəsində təhlillər aparılıb və müəyyən çatışmazlıqlar aşkar edilib:
• Piyadaların hərəkəti üçün səkilərin nəzərdə tutulmaması;
• Nəqliyyat vasitələrinin icazə verilən sürət həddini aşması nəticəsində yol nəqliyyat hadisələrinin başvermə riskinin yüksək olması;
• Eynisəviyyəli piyada keçidlərinin, müvafiq yol nişanları və nişanlanma xətlərinin nəzərdə tutulmaması;
Sadalanan çatışmazlıqların aradan qaldırılması məqsədilə BNA-nın hazırladığı layihə əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq infrastruktur tədbirləri həyata keçirir:
• Avtomobil yolunun oxu saxlanılmaqla, hər iki istiqamət üzrə ümumilikdə, 950 m uzunluğunda səkinin, həmçinin əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə pandusların inşası;
• Eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi;
• Yol-nəqliyyat hadisələrinin başvermə riskini azaltmaq, yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə icazə verilən sürət həddinin 40 km/saata endirilməsi;
• Daxili yollardan əsas yola giriş-çıxış yerlərində müvafiq yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xətlərinin çəkilməsi.
Görülən işlər sayəsində bu ərazidə yaşayan 6 min nəfərdən artıq sakinin rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.