Yayın gəlişi özü ilə birlikdə bahalaşma problemini də gətirdi. Özümüz nübar etməyə macal tapmamış, cibimiz nübar etdi. Zəruri qida məsullarının qiymətlərini artması vətəndaşları çox narahat edir. İnsanlar yay mövsümünə aid olan meyvələrin, həmçinin digər ərzaq məhsullarının qiymətlərindən şikayət edirlər.
Sülh.info.az olaraq problemi “Azad İstehlakçılar Birliyi”nin rəhbəri Eyyub Hüseynov ilə müzakirə etdik.
"Bazar 3-5 kartelin əlində cəmləşib"
"Bəzi istehlakçılar elə bilirlər ki, Azərbaycan bazarı dünya bazarına tam inteqrasiya olunmuş bazardır. Əslində belə deyil. Biz görmüşük ki, başqa ölkədə malın qiyməti qalxanda Azərbaycan bazarı buna bir gün qabaq reaksiya verir. Ümumdünya maliyyə böhranında da gördük ki, qiymət aşağı düşəndə, Azərbaycan buna reaksiya vermir. Bu o deməkdir ki, Azərbaycan prezidentinin iqtisadi yığıncaqlarda həmişə dediyi kimi, ölkədə kartel sövdəşmələri var, ölkədə inhisarçılıq var. 10 ildən artıqdır antiinhisar məcəlləsi qəbul edilmir. Ölkədə bazar ayrı-ayrı seqmentlər üzrə, ayrı-ayrı inhisarçılar üzərindədir. Əksər hallarda qiymətlər kartel sövdələşməsi ilə müəyyən olunur. Məsələn, meyvə mövsümündə mənə həddindən artıq zənglər gəlirdi. Soruşurdular ki, niyə meyvələrin qiyməti aşağı düşmür. Bunun səbəbi odur ki, bağçılıq təsərrüfatları artıq təmərküzləşib, mərkəzləşib və bir neçə bağ sahibinin əlindədir. Onlar qiymətləri çox asanlıqla təyin edə bilirlər. “Meyvəli” bazarı da zəncirdə çox əhəmiyyətli bir halqadır. Həmin bağ sahibləri gətirib mallarını ora təhvil verir. Bazarda isə alverçilər durub. Onlar qiyməti müəyyən edir və Bakının hər yerinə yayırlar".
Eyyub Hüseynov həmçinin qeyd edib ki, Bakı tükdən asılan kimi regionlardan asılı qalıb. Əgər belə davam etsə qiymət artımı bizim üçün adi bir hala çeviriləcək:
“İllər boyu MDB ölkərində böyük şəhərlərdə olduğu kimi onun ətrafında onu yedizdirən mənbələr olur. Vaxtı ilə Bakının ətrafında Binə südçülük savxozu, Qobu qoyunçuluq savxozu, tərəvəzçilik savxozu olub. Lakin indi o yerlər hamısı verilib tikintiyə. Bələdiyyələr, icra hakimiyyətləri rüşvət alıb veriblər camaata, onlar da orada özlərinə ev tikib. Demək olar ki, savxoz infrastrukturu tamamilə ləğv olunub. Regionlarda isə həmin o qiymət sövdələşməsi ilə qiymətlər müəyyən olunur. Hələ ki, mən meyvə-tərəvəzdən danışıram.
Kəndlinin hazırladığı mallar bazarlıq deyil. Onları dükanlar götürmür. Çünki onlar bazar üçün yetişdirə bilmirlər. Gübrədən, ziyanvericilərə qarşı dərmanlardan o qədər yaxşı istifadə etmirlər və ya keyfiyyətsiz dərman vururlar məhsullara. Nəticədə isə kəndlilərin yetişdirdiyi mal bazar üçün qəbul olumur. Nə qədər ki, 12 il əvvəl qəbul olunmuş kooperasiyalar haqqında qanun işləmir, kəndli kooperasiyaları yaradılmayıb, suvarma sistemləri yoxdur, aqronomiya elmi hər bir kəndlinin həyatına daxil olmayıb Azərbaycanda meyvə-tərəvəz sahəsində və digər məhsuallarda qiymətin qalxması davam edəcək. Qalxan qiymət isə bir daha enməyəcək. Bir sözlə torpaqlar alıb, evlər inşa edirik. Amma, yaşamaq üçün sağlam qidalar istehsal etməyi, yetişdirməyi unuduruq. Belə getsə, o evlərin damının vurulmasını görməyəcəyik. Ya vitaminsizlikdən, ya da qiymət artımından”.
Bağ məhsulları kimi yağ məhsulları da “od tutub yanır”
“Ümumiyyətlə yağ bazarında qiymət çox çətinliklə sabit saxlanılır. Yaxşı ki, Yeni Zelandiyadan Azərbaycana təmiz yağ gətirilir. Onlar da qiyməti çox çətinliklə saxlayırlar. Azərbaycanda böyük qida şirkəti olan “Azərsun” da qiymətlərin stabil saxlanması üçün cəhdlər edir. Lakin dünya bazarı da öz işini görürür. Qiyməti sabit saxlamaq mümkün deyil. Dövlət orqanlarının isə qiymətə təsir etmək hüququ yoxdur. Çünki azad bazar iqtisadiyyatıdır. Tələb və təklif əsasında formalaşır bazar. Ona görə də, hökümətin vəzifəsi budur ki, müəyyən vergi rıçıqlarından istifadə etsin. Azad olunmuş torpaqlarda aqrar komplekslər, fermalar yaratsın. Bolluq olsun. Bolluq olmasa, əlbəttə ki, qiymətlər qalxacaq”.
Çörək məsələsində da vəziyyət ürəkaçan deyil…
“Ciddi məsələlərdən biri zavod çörəyi deyilən sosial çörəklərə hökümətin təzyiqi məsələsidir. Hökümət orqanları çörək istehsalçılarına təzyiq edirlər. Onlar qırmızı xəttin üzərindədirlər. Bu yol verilməzdir. Həmin çörək istehsalçıları məcbur olub ya o istehsaldan əl çəkəcəklər, ya da o qırmızı xəttin üstündən yıxılıb, bağlanacaqlar. Zavod çörəyininin qiyməti də liberallaşmalıdır. Hökümətin vəzifəsi odur ki, bolluq yaratmaq üçün bütün stimullardan, bütün imkanlardan istifadə etsin”.
Bir sözlə qiymətlərin artacağını unutmayın. Azalmanı isə xoş xatirə olaraq, hərdən yadınıza salın…
Xanım Cavanşirqızı / Nezarettv.Az