​"İngilisdilli və hərbi jurnalistikanın inkişafına ehtiyac var" - Deputat Elman Nəsirov

​
13:51 22.07.2022
524 Ölkə
A- A+

"22 İyl tarixi bizim üçün dəyərlidir. Olduqca qiymətlidir, əzizdir. Məhz 147 il öncə, 1875-ci il 22 iyul tarixində Azərbaycanın böyük ədibi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etməyə başladı. 1877-ci il 29 sentyabra qədər qəzet fəaliyyətini davam etdirdi. 56 nüsxəsi çap olundu. Qəzet həmin 56 nüsxəsi ilə çox böyük iş görmüş oldu. Azərbaycan xalqının milli oyanışında üstəsna rol oynadı".  

Nezarettv.Az bildirir ki, bu sözləri Milli Mətbuat günü ilə bağlı saytımıza danışan deputat Elman Nəsirov deyib:

"Yəni, millət atılan toplara diksinmədiyi bir halda “Əkinçi” qəzeti belə bir missiyanı həyata keçirdi. Bu baxımdan Həsən bəy Zərdabi sözün əsl mənasında bizim Milli azadlıq hərəkatımızın fövqündə dayanan bir şəxsiyyətdir. Onun bütün yazıları, məqalələri ilk növbədə Azərbaycan xalqının oyanışına, milli azadlıq ruhunun oyanmasına xidmət edib. O bu yolda canını da fəda etməyə hazır olub. Hətta hir təsadüf nəticəsində ölümdən də xilas olub. Güllə başının üstündən keçərək divara dəyib. Niyə güllə atırdılar Həsən bəy Zərdabiyə, niyə onu öldürmək istəyirdilər?! Çünki o Azərbaycan xalqını oyadırdı".

 

Elman Nəsirov həmçinin qeyd edib ki, müasir dövrdə xaricidilli jurnalistikanın inkişafına ehtiyac var:

"Sözün həqiqi mənasında Azərbaycan mediası inkişaf edib və yeni hədəflər müəyyən edib. Mən fikirləşirəm ki, bu hədəflər arasında ən əsas xaricidilli jurnalistikanın formalaşması ən vacib şərtdir. Yəni, bu gün informasiya müharibəsində qalib gələn tərəf real müharibədə də qalib gəlir. Bu baxımdan mən Azərbaycan jurnalistlərinin Vətən Müharibəsi dövründə göstərdikləri fədarlığı xüsusi qeyd etmək istəyirəm.  Onlar çox dəqiq, milli maraqlara söykənən informasiyalar təqdim edirdilər. Bu sahədə sözün həqiqi mənasında çox böyük uğurlara imza atdılar. Bu sınaqdan şərəflə çıxdılar.

Hesab edirəm ki, ingilisdilli mətbuatımızın formalaşması da çox yaxşı olardı. İkinci təklifim sə budur ki, hərbi jurnalistika sürətlə inkişaf etsin. Çünki biz tarixi Qarabağ müharibəsində zəfərə imza atmışıq. Amma, heç kim təminat vermir ki, gələcəkdə biz yeni təhlükələrlə, təhdidlərlə üz-üzə qalmayacağıq. Belə olan vəziyyətdə hərbi jurnalistikanın rolu daha da artmış olur. İnformasiya yayımı bu baxımdan daha böyük məna kəsb edir. Ona görə də düşünürəm ki həm ingilis dilli jurnalistika, həm hərbi jurnalistika sahələrinə xüsusi diqqət yaranmalıdır.

Sonda isə bir daha media nümayəndələrini təbrik edirəm, onlara  möhkəm can sağlığı arzu edirəm. Hər zaman obyektiv, real həqiqəti ifadə etsinlər. Hər birimiz bu halda qazanacağıq. Bir daha bayramınız mübarək olsun".

Xanım Cavanşirqızı / Nezarettv.Az