​Bu poliklinikada diabet xəstələri saatlarla dərman növbəsində durur - ŞİKAYƏT / RƏSMİ AÇIQLAMA

​Bu poliklinikada diabet xəstələri saatlarla dərman növbəsində durur -
16:38 26.07.2022
1106 Ölkə
A- A+

Bakının Xətai rayonunda yerləşən 38 nömrəli şəhər poliklinikasından paylarına düşən dərmanları almaq üçün diabet xəstələri sözün əsl mənasında zülm çəkirlər.

Bu barədə Nezarettv.Az saytına məlumat verilib. Daxil olan şikayət əsasında 38 nömrəli şəhər poliklinikasının ərazisində müşahidə apardıq. Şahidi olduq ki, qeydiyyatda olan diabet xəstələrinə verilməli olan aylıq dərman preparatlarının əldə olunması prosesi nə dərəcədə əziyyətli və müşküldür. Belə ki, Bakı Baş Səhiyyə Mərkəzinn nəzarətində olan bu poliklinikada diabet xəstələrinə pulsuz paylanan aylıq dərman preparatlarının verilmə proseduru əsl işgəncə imiş.

Diabet xəstələri gecə 4-5 saatlarından növbə yazdırır, səhər saat 9:00-dan fəaliyyətə başlayan həkimləri gözləyir, növbə ilə tibbi kart vasitəsilə onlara düşən dərmanları yazdırmaq üçün əziyyət çəkirlər və bu proses ilin hər günü davam edir.

Xəstələr bildirir ki, yanlız "sərt pandemiya" vaxtı bu prosses müəyyən qədər qaydasına düşmüşdü, onlar öz tibbi kartlarını poliklinikanın girişində təqdim edir, səhəri gün hazır reseptləri alırdılar. Sərt pandemiya müddətinin bitdiyindən sonra isə proses yenidən işgəncə üsuluna keçib.

Deməli, poliklinika və ya aidiyyəti qurumun iradəsi olsa, bu prosesi asanlaşdırmaq mümkündür. Bəs nə üçün poliklinika rəhbərliyi bu əzab-əziyyətli prosesi həll etmir? Xəstələrdən alınan məlumata görə, dəfələrlə bu barədə poliklinikanın Baş həkiminə, Baş tibb bacısına və telefon vasitəsilə aidiyyəti qurumlara şikayətlər edilib, lakin, problem öz həllini tapmır ki, tapmır.

Məsələ ilə bağlı baş həkim Əkbərova Reyhan Baxış qızının qəbulunda olduq. Baş həkim bildirdi ki, çətinliyi bilirlər və problemin həlli istiqamətində addımlar atılır. Yalnız, bu problemin təkcə poliklinikadan asılı olmadığını, daha üst qurumlara məlumat verildiyini və TƏBİB-in bununla bağlı fəaliyyətinin olacağını qeyd etdi.

Bakı Baş Səhiyyə Mərkəzindən isə saytımıza o qədər də qaneedici cavab ala bilmədik:

"Məlumat üçün bildiririk ki, 38 nömrəli Şəhər Poliklinikasında 2 həkim-endokrinoloq vətəndaşlara xidmət göstərir. Yaxın gələcəkdə ştat cədvəli üzrə 1 həkim-endokrinoloqun da işə qəbulu nəzərdə tutulub. Pasiyentlərin səhər 5-6 radələrindən poliklinikaya gəlib növbəyə dayanmaları ilə bağlı məsələyə gəldikdə isə məlumat üçün qeyd etmək istəyirik ki, poliklinika səhər saat 8-dən fəaliyyətə başlayır. Dəfələrlə vətəndaşlara səhər saat 8-dən gəlib canlı növbəyə yazılmaları və növbəlilik prinsipi əsasında qəbula düşmələri haqqında məlumat verilib".

Ümid edirik ki, bu məsələ tezliklə öz həllini tapar.